featured-image-15468

“Neftçi”nin sabiq futbolçusu Fəhmin Muradbəylinin Msport.az saytına müsahibəsi

– Artıq bir neçə aydır klubsuz qalmısınız. Nə işlə məşğul olursunuz?
– “Şamaxı”dan ayrılandan sonra “Neftçi”yə qayıtmışdım. Mövsümün əvvəlində qarşılıqlı razılıq əsasında yolları ayırdıq. Aramızda heç bir problem yox idi. Ölkə xaricindən təkliflər var idi. Anlaşa bilmədik. Hərəsində bir problem çıxdı. Ondan sonra da vaxt keçdi, klubsuz qaldım. Mütəmadi olaraq məşqlərimi edirəm. İnşallah, qış fasiləsindən sonra legioner həyatı yaşayacağam.

– Azərbaycan çempionatında oynamaq istəmirsiniz?
– Həmişə ölkə xaricində oynamaq, legioner həyatı yaşamaq istəmişəm. Fikrimdə qətiyəm. Allahın işidir, ola bilər alınmasın. Amma hər zaman bu istəkdə olmuşam.

– Yayda yerli klublardan təklif olmadı?
– Var idi. Hətta bir klubla razılığa gəlmişdim. Sadəcə, orada dəyişiklik oldu və keçidim baş tutmadı. Həmin vaxt digər klublara “yox” demişdim. Belə bir bəxtsizlik yaşadım. Ümid edirəm ki, qış aylarında transfer xəbərimi eşidəcəksiniz.

– Vaxtilə ölkənin ən perspektivli futbolçularından hesab olunurdunuz. İndi klubsuz qalmaq sizə pis etmir?
– Əlbəttə, edir. Hələ də bunun fəsadlarını yaşayıram. Futbol çox acımasız idman növüdür. 19-20 yaşlarımda “Neftçi”də ən parlaq dövrümü keçirirdim. Qollar vururdum, tez-tez fərqlənirdim. Amma məni öz mövqeyimdən ayırıb, sağ cinah müdafiəçisi kimi oynatdılar.

– Bu, hansı baş məşqçinin dövründə olub?
– Adınl deməyim, özü bilir. O insanın adını çəkmək istəmirəm. Mənə deyildi ki, ya bu mövqedə oynayacaqsan, ya da ehtiyatda oturacaqsan. Mən də gənc idim. Oynamaq istəyirdim. Yadınızdadırsa, Samir Əliyevin vaxtında çox yaxşı çıxış edirdim. Sonra bəzi dəyişikliklər oldu. Məni məcbur müdafiədə oynatdılar. Heç vaxt həmin mövqedə çıxış etməmişdim. İsrar etsəm də, fikir vermirdilər. Deyirdim ki, mən bu mövqedə oynamaqla özümü biabır edirəm. Lakin yenə də meydana buraxırdılar. Nəticədə tədricən öz mövqeyimi itirməyə başladım və “Səbail”ə keçdim. Sonra yenidən “Neftçi”yə qayıtdım, ardıcıl iki oyunda fərqləndim. Ardınca 10 matçda meydana çıxmadım. Ehtiyatda qalmağının səbəbini heç kim mənə demədi. Başıma belə hadisələr gəlib. Futbol elədir ki, kiminin şansı gətirir, kiminin yox.

– Bəlkə karyeranıza ziyan vuran həmin baş məşqçinin adını çəkəsiniz…
– Yox, istəmirəm. Onsuz da oxusa, özü biləcək.

– Əlbəttə, özü biləcək, amma oxucular bilməyəcək…
– (Gülür). Sadəcə onu deyə bilərəm ki, yerli mütəxəssis idi. Amma ad çəkmək istəmirəm. Yəqin məni başa düşərsiniz.

– Necə düşünürsünüz, “Neftçi”də sizə yetərincə şans verildi? Çünki daim icarədə olurdunuz…
– Düzdür. İcarəyə öz mövqeyimdə oynatmadıqları üçün gedirdim. “Səbail”də 3 il sağ cinah yarımmüdafiəçisi kimi oynadım. Hər il qol vurub, asist edirdim. Sonra “Neftçi”yə qayıtdım. Onda komandaya Samir Abasov başçılıq edirdi. Onun da taktiki sxemi 3-5-2 idi. Cinahlarsa bir müdafiəçi olurdu. Orada da məni məcbur müdafiəçi kimi oynatdılar. Komandama görə meydana çıxıb canımı qoyaram. Amma o mövqe mənlik deyil. Fayda verə bilmirəm. Bunu deyəndə, elə bilirdilər ki, qorxuram. Amma elə deyildi. Hamı kimi, mənim də ailəm, yaxınlarım kənardan oyunuma baxır. Heç kim istəməz ki, meydana çıxıb onların qarşısında pis oynasın. Hərəyə bir cür təsir edir.

– “Neftçi” bəzi futbolçulara müəyyən səbəblərdən çempionluq mükafatı verə bilməmişdi. Klubun bu mənada sizə borcu qalıb?
– Digərlərini bilmirəm, mən öz mükafatımı aldım.

Bənzər xəbərlər