featured-image-36658

Bu həftə Azərbaycanda ilk dəfə II Liqaya start verildi. Turnirdə 14 komanda mübarizə aparır. İlk turun 7 oyunundan beşi əyalətdə keçirildi.

II Liqanın debüt mövsümündə maraqlı və tanış simalara rast gəlmək olur.

Msport.az II Liqanın ən məşhur simalarını sizə təqdim edir:

Cavid Hüseynov (“Cəbrayıl”ın baş məşqçisi) – Milli komandamızda 58 oyun keçirmiş futbolçu ötən mövsüm Premyer Liqada “Şamaxı”nın sükanı arxasında idi. Lakin 35 yaşlı mütəxəssisin Pro kateqoriyası olmadığından baş məşqçi kimi Vüqar Əsgərli göstərilirdi. Hüseynov bu mövsümdən doğma rayonunun komandasına qayıtdı. Görək, o, “Cəbrayıl”ı I Liqaya çıxara biləcəkmi?

Cavid İmamverdiyev (“Kür Araz”ın hücumçusu) – Bir vaxtlar “Neftçi”, “Sabah”, “Elazığspor” kimi klublarda oynamış futbolçu indi İmişli təmsilçisinə kömək göstərir. 33 yaşlı forvard əsas milli komandamızda 11 görüşdə 1 qol vurub.

media-373062300_6671025462948192_3328338189389836517_n

Rahid Əmirquliyev (“Şahdağ Qusar”ın yarımmüdafiəçisi) – Mövsümün sonunda karyerasını başa vurduğunu açıqlayan futbolçu doğma rayonunun komandasından gələn təklifə “yox” deyə bilmədi. Rahid “Ağdaş”la matçda Qusar təmsilçisini kapitan kimi meydana çıxarıb. Xatırladaq ki, 34 yaşlı Əmirquliyev millimizdə 60 oyunda 3 dəfə fərqlənib.

Valeh Seyidov (“Dinamo”nun üzvü) – Valeh klubun rəhbəri Yaşar Seyidovun oğludur. O, bir müddət Portuqaliyaya yollansa da, peşəkar karyerası istədiyi kimi alınmadı. 27 yaşlı futbolçu indi II Liqada atasının komandasına kömək etməyə çalışır.

media-394938064f75ce762d4d

Novruz Əzimov (“Dinamo”nun baş məşqçisi) – Əzimov təcrübəli mütəxəssislərimizdən sayılır. O, müxtəlif illərdə “Dinamo”, “Bakı” klublarını çalışdırıb. Qısa müddət Moldovada “Dinamo-Avto”ya rəhbərlik edib.

Kamran Abdullazadə (“Lerik”in yarımmüdafiəçisi) – Bir vaxtlar ölkənin ən istedadlı gənclərindən biri hesab olunan Kamran “Lerik”də kapitan sarğısını daşıyır. O, karyerası ərzində “Xəzər Lənkəran”, “Sumqayıt”, “Kəpəz” kimi komandaların formasını geyinib.

Nicat Muxtarov (“Qusar”ın üzvü) – 2018-ci ildə Sumqayıt Telekommunikasiya Qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən və saxlanılan futbolçu sonradan sərbəst buraxılmışdı. Muxtarov indi II Liqada “Qusar” komandasının heyətindədir.

Ələmdar Musatafayev (“Kür Araz”ın baş məşqçisi) – İmişli klubunun baş məşqçisinin adı bəlkə də çox şeydən xəbər vermir. Amma Ələmdar Mustafayev millimizin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin atasıdır.

Amit Quluzadə (“Füzuli”nin baş məşqçisi) – Amit Quluzadə 30 yaşında məşqçiliyə başlamalı oldu. O, doğma rayonunun komandasına – “Füzuli”yə rəhbərlik edir. Quluzadə debüt oyununda məğlub olsa da, bu mövsümlə bağlı yetərincə iddialıdır.

Yaşar Seyidov (“Dinamo”nun İdarə Heyətinin rəhbəri) – Yaşar Seyidovu Azərbaycan futbolunda tanımayan olmaz. İllərini bu sahəyə vermiş mütəxəssis yenidən futbola qayıtdı. Son anda II Liqada çıxışı rəsmiləşən “Dinamo”ya rəhbərlik ona həvalə olundu.

media-375282697_6671025426281529_1965498784833579212_n

Səbuhi Səfiyarlı (“Cəbrayıl”ın direktoru) – Vaxtilə “Qəbələ” ilə Avropa Liqasının qrup mərhələsində çıxış etmiş təcrübəli funksioner indi doğma rayonunun komandasına yardım edir. Səfiyarlı “Qəbələ” ilə yanaşı, “Neftçi”, “İnter” kimi klublarda da rəhbər postlarda işləyib, televiziyada ekspert kimi çıxış edib. Onun komandası ilk turda prinsipial matçda “Füzuli” üzərində qələbə qazana bildi.

 

 

 

 

 

 

 

Bənzər xəbərlər