featured-image-2306

Rusiya Mini Futbol Assosiasiyasının prezidenti Emil Əliyev “Match TV”yə müsahibəsində dekabrda İranın paytaxtı Tehranda keçiriləcək “Xəzər kuboku”nda Azərbaycan millisinin də iştirak edəcəyini deyib.

44 yaşlı funksioner turnirdə yığmamızla yanaşı,  Rusiya İran və Qazaxıstan seçmələrinin də mübarizə aparacağını deyib. Əliyev Rusiya komandasının yarışda iştirakında hər hansı problemin olmayacağını vurğulayıb: “İran bizim köhnə tərəfdaşımızdır. Bu turnir artıq Həştərxanda keçirilib. İndi növbə İrandadır. Qazaxıstan və Azərbaycan da bu yarışlara ev sahibliyi etmək istəyir”.

Bəs Rusiyanın demək olar ki, bütün beynəlxalq idman qurumları tərəfindən sanksiyaya məruz qaldığı bir dönəmdə millimiz bu ölkənin komandası ilə necə oynayacaq?

Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov isə Msport.az-a açıqlamasında hələlik turnirə rəsmi dəvət almadıqlarını dedi:  “2019-cu ildə yarış Həştərxanda keçiriləndə Emil Əliyev məsələ qaldırdı ki, turnir daimi olsun və hər il bir ölkədə baş tutsun. Həmin vaxt qərara alınmışdı ki, 2021-ci ildə yarışa İran ev sahibliyi etsin. Lakin pandemiya səbəbindən 2020 və 2021-ci illərdə turnir baş tutmadı. Böyük ehtimalla orada əldə olunan razılaşmanı bu il reallaşdırmaq istəyirlər. Amma bizə hələlik rəsmi dəvət gəlməyib. Rusiya yığmasının o yarışda iştirakına gəlincə, FİFA və UEFA-nın bununla bağlı növbəti qərarı hələ açıqlanmayıb. Bu qərar açıqlandıqdan sonra yəqin ki, fikir bildirmək olar”.

Bənzər xəbərlər