Murad Musayevin cığallığı
Dünən Masazırda turun ən maraqlı oyunlarından birini izlədik. “Qarabağ”ı qarabaqara izləyən “Sabah” öz meydanında “Turan Tovuz”la qarşılaşırdı. Cari mövsümdə hər iki görüşdə tovuzlular üzərində qələbə qazanan paytaxt klubu matçın aşkar favoriti idi.
Lakin 90 dəqiqə ərzində biz fərqli ssenarinin şahidi olduq. Hiss olunur ki, yeni sponsorun gəlişi Qərb klubunun futbolçularına əməlli-başı motivasiya verib. Şəhriyar Əliyev zədəli-zədəli meydanda sona qədər can qoydu, Tərlan Əhmədli Volkovun zərbəsi zamanı matçın seyvini etdi, Oduva sanki “Tottenhem” dönəmindəki performansı göstərirdi.
“Sabah”ın irəli xəttindəki dördlük – Aleksey İsayev, Kaşuk, Mikkels, Epah (və ya Volkov) istənilən komanda üçün real təhlükədir. Kaşukla İsayevin bir-birini gözüyumulu başa düşməsi isə hücum potensialını bir az da artırır. Amma dünən qonaqlar Kaşukla İsayevi elə zərərsizləşdirdilər ki, Azərbaycan çempionarını ilk dəfə izləyən adam təccüblə deyərdi ki, “budur təriflədiyiniz futbolçular”?
“Turan Tovuz” həqiqətən də rəqibini əla təhlil etmişdi. Qonaqların əks-hücumdan sonra vurduğu ilk qol hiss olunurdu ki, ev tapşırığının nəticəsidir. Ayxan Hüseynovun müdafiənin arxasına mükəmməl ötürməsi və Oduva qapıçı ilə üzbəüz qalaraq şansını əldən vermir.
Sonradan Murad Musayev də etiraf etdi ki, “Sabah”ın müdafiə xətti çox zəif təsir bağışladı. Mövsümün əvvəlində öz mövqeyində ən yaxşılardan olan Abdullaye Banı tanımaq olmurdu. Eyni sözləri Bəxtiyar Həsənəlizadə və Amin Seydiyev haqqında da demək mümkündür.
Musayevdən söz düşmüşkən, “Sabah”ın baş məşqçisi dünən özünü cığal uşaqlar kimi apardı. Adətən məhlədə yeniyetmələr öz aralarında futbol oynayanda bu cür cığallıq edirlər. Biz görmüşük ki, əsəblərini cilovlaya bilməyən futbolçunu məşqçi sakitləşdirər, onu kənara çəkər. Dünən isə Boyan Letiç Musayevi özünə gətirmək üçün bütün gücünü sərf etdi. Ümumiyyətlə, rusiyalı mütəxəssis qırmızı vərəqə alarkən az qaldı ki, Abşeron rayon Polis İdarəsinin post-patrulları gəlib onu meydandan çıxarsınlar.
Musayev kimi Çempionlar Liqası görmüş, Rusiya çempionatında işləmiş mütəxəssis məğlubiyyəti də həzm etməyi bacarmalıdır. Əslində oturub epizodlara baxsaq, penalti doğru qərar idi, ondan əvvəl Amin Seydiyevə qarşı da qayda pozuntusu olmamışdı.
Amma insafən, “Sabah”ın baş məşqçisinin mətbuat konfransında akkreditasiya ilə bağlı dedikləriylə razılaşmamaq mümkün deyil. Akkreditasiyanı hərdən elə yoxlayırlar ki, sanki stadionda casus axtarılır. Hətta bir dəfə AFFA İntizam Komitəsi akkreditasiyanı tərs taxdığı üçün kimisə cəzalandırmışdı. Sanki hər darağımız düzəlmişdi, qalmışdı saqqal darağımız. Bu qədər xırdalığıa getmək də doğru deyil.
Murad Musayev isə bu mövsüm ikinci dəfə qırmızı vərəqə görür, bu dəfə onun cəzası heç şübhəsiz ki, daha ağır olmalıdır.
AYXAN







