featured-image-15525

“Kəpəz” qapı xəttini gücləndirmək üçün Xorvatiyadan Mario Mustapiclə müqavilə bağlayıb. Gəncə klubu 18 gün əvəl 22 yaşlı qolkiperlə mövsümün sonuna kimi anlaşdığını açıqladı. Lakin Mustapic hələ də “Kəpəz”də nəinki debüt etməyib, heç adı oyunların iştirak ərizəsinə də daxil edilmir. Baş məşqçi Tərlan Əhmədov “Qəbələ” ilə oyundan (1:1) sonra CBC Sport-a verdiyi açıqlamada futbolçunun sənədlərində  problem yarandığını söylədi.

Msport.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz” Mustapicin azad agent olduğunu zənn edib onunla müqavilə bağlayıb. Amma sonradan məlum olub ki, əlcək sahibinin keçmiş komandası Xorvatiya “Rudes”i ilə müqaviləsi hələ qış “transfer pəncərəsi”nə kimi qüvvədədir. Bu isə o deməkdir ki, Mustapic qışa qədər Gəncə təmsilçisinə kömək edə bilməyəcək.

Maraqlıdır, “Kəpəz”də bu işlərə baxan şəxslər – menecer, idman direktoru niyə xorvatiyalı legionerin müqaviləsinin başa çatıb-çatmadığını araşdırmayıb?  Belə çıxır ki, qapıçı qış fasiləsinə kimi havayı maaş alacaq və yalnız məşqlərlə kifayətlənəcək. Halbuki dünən “Qəbələ”nin vurduğu ilk qolda da göründü ki, “Kəpəz”in hazırda ən çox gücləndirilməyə ehtiyacı olan mövqe qapı xəttidir.

Bənzər xəbərlər