"Nant" azarkeşinin Bakıda gördükləri: "Təşkilatçılıq bərbad idi"
UEFA Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Nant” oyununu Fransadan gəlmiş təxminən 70 azarkeş də izləyib.
Msport.az xəbər verir ki, Fransa mətbuatında 4000 km-dən çox məsafə qət edən fanatlar haqqında yazı dərc olunub. Matis Beatrisin qələmə aldığı yazını təqdim edirik.
“Nant” Bakıya gəlməklə avrokuboklar tarixində yeni rekord müəyyənləşdirib. Belə ki, bu, “sarıların” ən uzun məsafəli səfəri olub. Sonuncu dəfə “Nant” 1994-cü ilin sentyabrında Volqoqrada “Rotor”la UEFA kuboku oyununa gedərkən belə çətinlik yaşayıb. Fransa təmsilçisi 2022-2023-cü illər mövsümündə avrokuboklarda ən uzun məsafə qət edən komanda kimi tarixə düşüb.
4122 km məsafəni geridə qoyub Qafqazda komandalarını dəstəkləyən 70 azarkeş də olub.
20 yaşlı Teo çox orijinal təcrübəni belə təsəvvür edir: “”Nant” Fransa kubokunu qazandıqdan sonra bilirdim ki, səfərə çıxacam. Çünki səyahət etməyi sevirəm. Bu, əla fürsət oldu”.
Kiçik yaşlarından “Nant”a azarkeşlik edən fanat Azərbaycan paytaxtını kəşf etmək üçün əlinə düşən imkandan yararlanmaq istəyib:
“Nant”ın matçlarını izləmək üçün Avropanı gəzmək perespektivi məni təhsilimdə fasilə götürməyə təşfiq etdi. Vaxtımın, bir az da pulumun olduğunu nəzərə alsaq, yeni ölkələri tanımaq istəyirdim”.
Avtomobillə bir neçə saatlıq yolçuluq, iki təyyarə, İstanbuldan sonra o, artıq Bakıya gəlib çıxıb. Lakin stadiona getmək vaxtı çatanda heç də hər şey asan olmayıb:
“Qonaq azarkeşlərin dayanacağını tapa bilmədim. Heç kimin bu haqda məlumatı yox idi. Ümumiyyətlə, təşkilatçılıq çox bərbad idi. Bəzi mühafizəçilər hətta dedilər ki, qonaq azarkeşlər üçün yer ayrılmayıb. Məni “Nant” formasında və şarfla içəri buraxmadılar. Orada bilet almaq üçün yer tapmaq mümkün deyildi. Artıq oyuna girə bilməyəcəyimi düşünürdüm. Möcüzə nəticəsində “Nant”ın amerikalı azarkeşi ilə rastlaşdım. O, şarfımı təhlükəsiz yerə qoyub VİP yer təklif etdi. Odur ki, stadiona onun sayəsində daxil oldum.
Məğlubiyyətə baxmayaraq, vaxtımı əla keçirdim. Çünki oradakı atmosferi bəyəndim. “Qarabağ” azarkeşləri əla idilər. Çoxları matçdan əvvəl əlimi sıxıb uğurlar arzuladılar, mənimlə və şarfımla şəkil çəkdirdilər. Stadionun mühafizəçiləri istisna olmaqla şəhərin sakinləri əla insanlardır”.
Məğlubiyyəti unutmaq üçün Teo şəhərdə bir xeyli gəzib. O, əzəmətli şəhərin “portretini” belə çəkir: “Üç gün küçələrdə dolaşdım. Şəhərin hər yeri möcüzəvi idi. İstər dəniz, istər parklar, Müasir binalar, tarixi tikililər. Bu, inanılmazdır”.
Səfərin ümumi xərci 1100 avroya başa gəlib. Yalnız gediş-gəliş edən azarkeşlər isə 800 avro ödəyiblər.
2019-cu ildən “Nant”ın mövsümlük biletlərinə sahib olan Teo bazar günü “Lans”la oyunda stadionda olacaq. Oktyabrın 6-da isə o, “Frayburq”la səfər qarşılaşması üçün Almaniyaya yollanacaq.
TƏRCÜMƏ AYXAN