“Nant” evdə daha aqressiv oynayacaq” – Aslan Kərimov
“Qarabağ” üçün ağır oyunlardan biri olacaq. Bakıdakı matçda böyükhesablı qələbə qazansaq da, oyun elementlərinə baxdıqda, qollar istisna olmaqla, ilk hissədə rəqibin gücünü görmüşdük. Bu baxımdan Fransadakı görüş asan olmayacaq”.
Bunu Msport.az saytına açıqlamasında AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov “Qarabağ”ın Fransada “Nant”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışarkən deyib.
Veteran futbolçu bildirib ki, “köhlən atlar”ın qrupdan çıxmaq şansı yüksəkdir: “Düşünürəm ki, ən azından 2-ci yeri təmin edə biləcəyik. Yığdığımız xallar da buna imkan verir. Əslində rəqibin də nəzəri olaraq, qrup 2-cisi olmaq şansı var. Buna görə evdə daha aqressiv oyun nümayiş etdirəcək. Düzdür, Liqa 1-də işləri o qədər də yaxşı getmir. Uduzduqları oyunlar olub. Amma “Qarabağ”la matçda maksimum nəticə əldə etməyə çalışacaqlar. Öndə pressinq etmək istəyəcəklər. Çünki Bakıda ikinci zonadan nisbətən arxaya çəkilir, 5-li müdafiə ilə oynayırdılar. Evdə isə 4 müdafiəçi ilə çıxış edəcəklər”.
Kərimovun sözlərinə görə, “Qarabağ”ın bu matçda qol vurmaq şansları daha yüksək olacaq: “Düzdür, yaxşı müdafiə olunmalıyıq. Rəqibin hücumameylli futbolçularının qarşısını almaq lazım olacaq. İnanıram ki, komandamız bunun öhdəsindən gələcək. Həmçinin əks hücumlar üçün yaxşı imkanlar olacaq. Həm Abdullah Zubir, həm Kadi Borges, həm Ramil Şeydayev, həm də Kvabena Ovusu sürət və texnika baxımından rəqibin müdafiəçilərini geridə qoya bilərlər. Bəlkə də Fransadakı matçda daha rahat olacaqlar. Çünki rəqib boş zonalar verəcək. “Nant” öndə təzyiq edib, arxa xətdə səhvə yol verməmilidir. Amma “Qarabağ”ın belə potensialı olduğu halda, bunun öhdəsindən gəlmək elə də asan deyil. Bu oyundan 1 xal qazana bilsək, 2-ci yeri təmin edəcəyik. Bu baxımdan ümidlərim çoxdur”.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.