featured-image-18407

I Divizionda çıxış edən “Araz Naxçıvan” komandasının baş məşqçisi Azər Bağırovun Msport.az saytına müsahibəsi

– Komandanız hazırda turnir cədvəlinə başçılıq edir. Mövsümün əvvəlində əsas hədəf kimi qarşıya Premyer Liqaya vəsiqə qazanmaq hədəfi qoyuldu. Buna uyğun təlim-məşq toplanışı təşkil olundu və heyət formalaşdırıldı. Bu istiqamətdə işlər necə gedir?
– Şükürlər olsun, bu gün komandada hər şey qaydasındadır. Hədəflərimizdən yan deyilik. Öz axarı ilə gedir. Nə planlaşdırmışdıqsa, komanda ona uyğun da addımlayır. Mövsümün ilk yarısının bitməsinə 2 tur qalıb. Qış fasiləsində konkret addımlar üzərində düşünəcəyik.

– “Araz Naxçıvan” ilk turlarda daha inamlı təsir bağışlayırdı. Komanda rəqiblərindən birbaş üstün idi. Amma kubokda “Qəbələ”yə böyük hesablı məğlubiyyət göstərdi ki, hələ elitada oynamağa hazır deyilsiniz…
– Əslində komanda Premyer Liqa yox, aşağı dəstədə çempionluğa oynamaq üçün formalaşdırılıb. Özünüz də gördünüz ki, “Qəbələ”yə qarşı 2002, 2002 və 2003-cü il təvəllüdlü uşaqlar oynadılar. Yaş, təcrübə, Premyer Liqadakı oyun dəsti-xətti öz sözünü dedi. Avrokubok iştirakçısı olmuş komandaya qarşı oynamaq asan deyil. 21-22 yaşlı futbolçular təcrübəli oyunçularla mübarizə apardılar. 0:4 hesabı ilə uduzmaq demirəm, normaldır. Amma təəccüblü də deyil. Çünki Naxçıvanda neçə ildir futbol yox idi. Bu il komandanı yenidən formalaşdırmışıq.

– Qış toplanışı ilə bağlı hazırlıq planı bəllidir?
– Açığı, hazırda təlim-məşq toplanışı barədə planlarımız yoxdur. Son iki oyunu bitirdikdən sonra seleksiya işlərinə başlayacağıq. Komandaya bir neçə gənc oyunçu cəlb etmək istəyirik. Nəyi necə edəcəyimizi, toplanışı harada keçəcəyimizi bundan sonra müəyyənləşdirəcəyik.

– Son vaxtlar Naxçıvanda baş verənlər, keçirilən əməliyyatlar, həbslər komandanın gələcək taleyinə necə təsir edə bilər?
– Şükürlər olsun, bu gün maliyyə baxımından heç bir problemimiz yoxdur. Naxçıvanda baş verənlərin klubumuza zərrə qədər də təsiri yoxdur. Hər şey öz qaydasındadır. Necə başlamışdıqsa, elə də bitirəcəyik.

– Öz gələcəyiniz barədə nə düşünürsünüz? Qalıb davam edəcəksiniz, yoxsa başqa təkliflər var?
– Klubla müqaviləm var. Hələ ki, burdayam. Götürdüyüm işi sona çatdırmağa çalışacağam. Təkliflər var idi. Amma bu, indi müzakirə mövzusu ola bilməz.

– Sonda Qətərdə davam edən dünya çempionatı barədə fikirlərinizi bilmək maraqlı olardı. Sizə görə, mundial necə keçir?
– Bu dəfəki mundial daha rəngarəng və maraqlıdır. Necə başladı, qrup, 1/8 final mərhələsi necə bitdi, xəbərimiz olmadı. Dünən Mərakeş – İspaniya oyununu izlədim. Afrika təmsilçisi sensasiyaya imza atdı. Düşünürəm ki, bizi qarşıda daha maraqlı oyunlar gözləyir.

– Favoritiniz hansı ölkədir?
– Fransa, İngiltərə və Braziliya. Xüsusilə sonuncuların bu mundialdakı çıxışı tamam fərqlidir. Hər mövqedə güclü futbolçuları var.

Bənzər xəbərlər