featured-image-29403

“Neftçi” rəhbərliyi gərək bu cür məğlubiyyətdən sonra Bakıyaya qayıtmayaydı, Regekampfı da qoltuqlarına vurub yol alardılar üzü Tiflis aeroportuna tərəf. Tərslikdən quru sərhədlər də bağlıdır, yenə də istənilən halda Bakıya dönməli olacaqlar. Ancaq hansı üzlə? Əsəbdən şəkər tutmuş azarkeşlərə nə cavab verəcəklər? Vallah hələ biz “Neftçi”də işləməyə-işləməyə, küçədə-bayırda görən kimi soruşurlar ki, bu komanda nə vaxt düzələcək? Görəsən bu suallardan Kamran Quliyevə, Elnur Eyvazova, lap elə futbolçulara verən yoxdur?

“Neftçi” bu mövsüm “Qarabağ”dan sonra “Turan Tovuz”a da 0:4 hesabı ilə uduzdu. Ağdam klubuna böyük hesablı məğlubiyyəti “onsuz da “Qarabağ” hamıdan güclüdür” bəhanəsi ilə malalamaq olar. Bəs ən yaxşı bombardiri vur-tut 4 min dollar alan “Turan” qarşısındakı darmadağına necə haqq qazandıracaqlar?  Hə, yenə əldə “kozır” kubokun finalı olacaq. Amma gəlin baxaq görək, “ağ-qaralar” kubokda həlledici oyuna kimi nə ediblər, neçə mərhələ keçiblər. 1\4 finalda “Zirə”ni mübarizədən kənarlaşdırdılar, yarımfinalda da min-zülümlə “Turan”ı son saniyələrdə məğlub etməyi bacardılar. Finalda da rəqib “Qəbələ”dir. Minimal hesablı qələbə…və deyəcəklər “mövsümü titulla başa vurmuşuq, nəticə qənaətbəxş sayıla bilər”. Əgər 3-cü yeri tutub, kubokda da belə irəliləməkdirsə, bunu “Neftçi”nin uşaq məşqçisi İslam Kərimov da bacarardı. Ümumiyyətlə, mənə çatmır, Regekampfı gətirən adam hansı xüsusiyyətlərinə görə dəvət edib? Ərəb ölkələrindəki nəticələrinə görə? Bir yaxşı rumıniyalı məşqçi yaşının ən uyğun dönəmində niyə Ərəbistana getsin ki? Təbii ki, pul dalınca. Regekampf dönəmində “Nefçi” bütün prinsiplərini tapdaladı. Bir mövsümdə iki dəfə 0:4 hesabı ilə uduzdu, “qadın zorakılığına son” dedi, baş məşqçi keçmiş xanımı ilə saçyoldusuna çıxdı…

Elə bilməyin ki, bütün günahlar Regedədir. Onu bura dəvət edən rəhbərlik ondan az günah yiyəsi deyil. Klub prezidenti vitse-prezidenti işdən çıxara bilmir, 2 il əvvəl “Neftçi”nin çempionluq qolunu vurmuş Ahmed Ahmedova söz verdiyi mükafatı kəsir. Gətirdikləri futbolçular da göz önündə.

***

Çingiz Abdullayev bir işə yaramasa da, heç olmasa Müşahidə Şurasının sədri olanda arabir oyunlara gəlib Pen klub-dan filan danışırdı, hərdən də “yazuz da, bunu da yazuz” deyib açıqlama verərdi. İndi sədr Rövşən Nəcəfi ancaq Bakı Marafonunda, ya da SOCAR-ın futbol turnirlərində görmək olur. Sanki 4 top buraxan klubun ona heç bir aidiyyatı yoxdur, Müşahidə Şurasının digər üzvü Emin Əmrullayevin də başı müəllimlərin sertifikasiyası ilə basketbola qarışıb.

****

Bu komanda yayda bir mərhələ keçsə, böyük şeydir. Azarkeşlər mövsümün əvvəlində ümidlənmişdilər “Neftçi” qrupa düşə bilər. Hələ ki “Neftçi” qrupa yox, “Turan”ın tarixinə düşür. “Ağ-qaralar” Premyer Liqada Tovuz klubunun 4 qol vurduğu ilk komanda oldu.

AYXAN 

Bənzər xəbərlər