featured-image-13560

Adətən milli komandaların oyunları ilə bağlı fasilə yarananda baş məşqçilərə verilən ilk sual “bundan necə yararlandınız” olur.

Təsəvvür edin, indi “Neftçi”nin baş məşqçisi  Laurentsiu Regekampfa da eyni sual verilir.  Nə cavab versin? Desin ki, getdim Rumıniyaya, bir az içdim beynim çöndü, durdum üz tutdum keçmiş arvadım (özüm burda həyat yoldaşı yazmadım – red) Ana-Maria Prodanın evinə. Bir dava saldım, gəl görəsən. Səsimizə qonşular yığışdı, arvada bir iki şillə vura bildim. O, da yaman şeydir, üzümü, qolumu cırıb. Hələ bu, cəhənnəmə, məndən polisə də şikayət edib. Ürəyi bununla da soyumayıb “Neftçi”yə müraciət edib ki, məni işdən çıxarsınlar.

Həmin “Neftçi”yə ki, ötən ilin noyabrında “qadınlara qarşı zorakılığa son” kampaniyasına qoşulub narıncı forma geyinmişdi. Bu klubun tarixində ilk hal idi ki,  komanda ağ və qara rəngindən fərqli rəngli forma ilə oyuna çıxdı və qadınlara qarşı zorakılığın dayandırılması kampaniyasına qoşuldu.

İndi isə “Neftçi”nin baş məşqçisinin keçmiş həyat yoldaşı ilə süpürləşməsi fotoları bütün Rumıniya mətbuatını bəzəyir, bu gün sabah yəqin ki, Avropa mediası da bundan yazacaq.

Rumıniya mətbuatının yazdığına görə, davaya səbəb Regekampfın uşağını görmək istəməsi olub. Ana-Mariya Prodanla nigahdan onun bir övladı var. Ana-Mariya isə Rumıniyanın ən məşhur futbol menecerlərindəndir, özü də vaxtilə “Playboy” ulduzu olub.

Hələ ki məsələ ilə bağlı “Neftçi”dən heç bir açıqlama gəlməyib. Hətta Ana-Maria davanın videogörüntülərini “ağ-qaralar”ın elektron ünvanına göndərib.

Düzdür, sabah “Neftçi” rəsmiləri çıxıb deyə bilərlər ki, “bu, şəxsi məsələdir, bunun Regekampfın məşqçilik fəaliyyətinə heç bir aidiyyatı yoxdur. O, yenə eyni uğurla komandaya rəhbərlik edir”. Bəs “Neftçi”nin imici? “Neftçi”nin adı-sanı?

İndi harda “Neftçi” yazıb axtarış verirsən, rumıniyalı məşqçi ilə keçmiş həyat yoldaşının “güləşmə” fotoları ortaya çıxır. Təsəvvür edin ki, sabah Regekampf oyunçularından meydandan kənarda da özlərini ləyaqətli aparmalarını, “Neftçi”nin futbolçusu olmalarını unutmamalırını istəyəcək. Amma hansı üzlə?

Regekampfı Azərbaycana məşqçilik etməyə, “ağ-qaralar”a uğurlar qazandırmağa, çempionluq uğurunda mübarizə aparmağa dəvət ediblər. Lakin görünən odur ki, rumıniyalı mütəxəssis bizdən başqa şeylər öyrəninr və get-gedə ailə-məişət mövzusunda daha çox azərbaycanlılaşır. Təəssüf…

media-reghe-ana-bataie

 

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər