"Neftçi"nin böyük hesablı aldadıcı qələbəsi
“Neftçi” Azərbaycan Premyer Liqasının 23-cü turunu böyük hesablı qələbə ilə başa vurdu. “Ağ-qaralar” doğma meydanda “Səbail”in qapısından 3 cavabsız top keçirdilər.
Bəlkə də oyunu izləməyənlər “Neftçi”nin rəqib qarşısında fantastik üstünlüyə malik olduğunu zənn edərlər. Amma əslində vəziyyət fərqlidir. Laurentsiu Regekampfın komandası bu dəfə də gözoxşayan, hamının ürəyinə yatan oyun göstərmədi. Matçın həlledici məqamı isə “Səbail”in qapısına təyin olunan 2 penalti oldu. Artıq 48-ci dəqiqədə penalti ilə 2-ci qolu buraxan qonaqların toparlanması çətin idi. Amma Şahin Diniyevin komandası “Neftçi”dən daha çox təhlükəli vəziyyətlər yarada bildi. Sadəcə ustalıq səviyyəsinin yetərli olmaması həmin epizodların qola çevirilməsinə əngəl törətdi.
Rege haqqında isə bir daha əminliklə demək olar ki, adamın bəxti var. Bəzən “Neftçi” qələbəyə layiq olmadığı oyunlarda belə 3 xal çıxara bilir. “Səbail”lə qarşılaşma da bu qəbildən olan görüşlərdən idi. “Ağ-qaralar”ın nəyə qadir olduğu gələn tur “Qarabağ”la dueldə bilinəcək. Ağdam kluubu “Gent”lə ağır səfərdən oyunundan qayıtdıqdan sonra “Neftçi”nin qarşısına çıxacaq. Rumıniyalı mütəxəssis Azərbaycana gələndən sonra “Qarabağ”a bütün matçlarda məğlub olub. Əgər yorucu səfərdən qayıdan və böyük ehtimalla heyətdə geniş rotasiyalar edəcək rəqib qarşısında bu dəfə də aciz qalsalar, artıq Regenin kitabını bağlamaq olar.
“Səbail”lə oyunda Saldaniyanın fərqlənməsi “Neftçi” azarkeşlərini sevindirməyə bilməz. Braziliyalı hücumçu 4 oyunda 2 qol vura bilib. Müqayisə üçün deyək ki, Donyo bu mövsüm 15 matçda cəmi 4 dəfə fərqlənmişdi. Saldaniyanın təkcə qol duyumu yox, meydanda yer seçməsi, boş zonaya açılması, ikili mübarizələri udması da diqqəti cəlb edir. Bu baxımdan Saldanyanın “Neftçi”yə Donyodan daha çox xeyir verəcəyini gözləmək olar. Lakin Saldanya da əsl bacarığını turnir cədvəlinin üst sıralarında yer alan komandalarda oyunlarda göstərməlidir. Hələlik o, “Sumqayıt”la “Səbail”in qapısına yol tapıb, “Zirə” və “Qəbələ” ilə matçlarda isə meydanı qolsuz tərk edib. Deməli, Saldanya barədə də yekun fikiri iddialı komandalarla oyundan sonra vermək olar.
ELNUR MƏMMƏDLİ







