“Neftçi”nin yeni transferi: “Daha güclü “Qəbələ” görəcəyik”
Azərbaycan millisinin futbolçusu Emil Səfərov “Qəbələ” ilə vidalaşıb.
Msport.az xəbər verir ki, bir müddət əvvəl “Neftçi”yə keçən 22 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə vida paylaşımı edib.
O, yetirməsi olduğu bölgə təmsilçisinə minnətdarlığını bildirib: “Qəbələ” ailəsi. Əziz dostlar, bu gün komandadan ayrılıram. Bu illər ərzində birlikdə mənə dəstək olan, mənimlə birlikdə çiyin-çiyinə məşq edən komanda yoldaşlarım, texniki heyət, məşqçilər, “Red Black Army” Azarkeş Qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm”.
Səfərov Premyer Liqanı tərk edən “Qəbələ”yə çətin durumdan çıxmağı arzulayıb: “Allah hamımızın yolunu açıq etsin. Burdan ayrılmaq mənim üçün çətindir. İnşallah, komanda düşdüyü çətinlikdən çıxacaq. Daha güclü “Qəbələ” görəcəyik. Hər birinizə “çox sağ olun” deyirəm, gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə”.
Qeyd edək ki, Emil “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.