featured-image-31018

Bu gün Azərbaycan kubokunun finalında “Neftçi” – “Qəbələ” ilə üz-üzə gələcək. Əksər mütəxəssislər həlledici oyun öncəsində “ağ-qaralar”ı favorit görürlər. Bəs jurnalistlər nə düşünür. Msport.az ir neçə tanınmış media nümayəndəsi ilə əlaqə saxlayıb finalla bağlı fikirlərini öyrəndi.

Rəşad Qasımov (Futbol+): “Hər iki komanda avrokubokları təmin edib. Bu səbəbdən də oyuna təzyiqsiz çıxa bilərlər. “Neftçi” titul qazanmaq istəyir. Bu hamıya bəllidi. Flaqman həmişə mövsümü titulla başa vurmaq arzusunda olub. Bu gün belə şansı var. Nəzərə alaq ki, oyun “Bakcell Arena”da keçiriləcək. Nə qədər də biletlər yarıbayarı satılsa da, düşünürəm ki, görüşdə “ağ-qaralar”ın azarkeşləri daha çox olacaq. Laurentsiu Regekampın komandası üçün bu, əlavə üstünlükdü. Azarkeşləri “Neftçi”nin 12-ci oyunçusu olacaq. Bu səbəbdən də flaqmanı həm heyət, həm də istək baxımından daha şanslı sayıram”.

Vüsal Mahmudov (Futbolinfo.az): “Favorit “Neftçi”dir. Meydan amili, titulu qazanmaq ehtiyacı, final təcrübəsi, Regekampfın işlədiyi əksər yerlərdə titul qazanmaq ənənəsi, motivasiya, Baxşıyevin həlledici oyunlarda “sinifdə qalması” – bütün bunlar öz yerində, heyət amili də bakılıları favorit edir. Matçın nəticəsini yarımmüdafiə xəttinin həll edəcəyini düşünürəm. Feras Abu Akal və Asif Məmmədovun zədələnməsindən sonra “Qəbələ” ciddi çətinlik çəkir və “Neftçi” bu üstünlüyü əldən verməyəcək. “Qəbələ” oyunçularının əksəriyyətinin bu komandada son oyuna çıxacağı da unudulmamalıdır. “Neftçi” futbolçuları psixoloji cəhətdən də daha hazır görünür”.

Anar Şabanoğlu (Sports.az): “Finalın aşkar favoriti “Neftçi”dir. Niyəsini yazmağa bəlkə də ehtiyac yoxdur. “Ağ qaralar”ın ən azı heyəti “Qəbələ”dən xeyli bahalıdı və daha usta futbolçulardan ibarətdir. Üstəlik, azarkeş faktorunu unutmamaq lazımdır. Bəli, bu 1 oyundur, Elmar Baxşıyevin komandası mövsüm ərzində ən gözəl futbol sərgiləyən kollektivlərdəndir. Amma mənim fikrimcə istənilən halda kuboku “Neftçi” qazanacaq”.

İxtiyar Əsgərov (Matç.az): “Fikrimcə, bol qollu oyun olacaq. Hər halda, meydan amilinə görə “Neftçi” üstün tərəfdir. Mövsümün son matçıdı, komanda titul qazanmağa iddialı, həm də borcludur. Əks təqdirdə, azarkeşlərlə soyuq olan münasibət daha da gərginləşəcək. Yəqin ki, paytaxt klubunda bunu hamı dərk edir. Bu səbəbdən qələbə üçün hər şeyi edəcəklər. “Qəbələ” də kuboku qazanmağa layiqdi. Yaxşı heyəti, yaxşı baş məşqçisi var. Amma bütün bunlara baxmayaraq, “Neftçi” bu şansı əldən verməz”.

Ceyhun Əliyev (Sport24.az): “Finalın gərgin keçəcəyinə şübhə etmirəm. Fikrimcə, oyunun “Bakcell Arena”da keçməsi “Neftçi”yə əlavə üstünlük verməyəcək. Əksinə, mövsüm ərzində demək olar bütün görüşlərə rahat çıxan “ağ-qaralar” (axı, ilk turdan aydın olmuşdu ki, Regenin komandası çempionluq mübarizəsi aparmağa qadir deyil) bu dəfə psixoloji təzyiq altında olacaq. Çünki onsuz da uğursuz keçən mövsümün son akkordunda da büdrəmə olsa, paytaxt təmsilçisinin, yumşaq desək, emosional fanatları çılğınlıqlarını ən yüksək səviyyədə ortaya qoyacaq ki, bunu klubun bütün üzvləri əla bilir. “Qəbələ” isə əksinə, bu matça olduqca rahat çıxacaq. Konfrans Liqasına vəsiqəni təmin etmiş əyalət təmsilçisi Kuboka əlavə oyuncaq kimi baxa bilər. Unutmayaq ki, kağızda favorit olduğu dövrdə “qırmızı-qaralar” finalda evdə qarşılaşdığı keçmiş “İnter”ə uduzmuşdu. İndi isə favorit “Neftçi”di. Zənnimcə, autsayder libasında final oynamaq daha əlverişlidi. Bütün qeydlərimi nəzərə alaraq, Kubokun Qəbələyə gedəcəyini proqnozlaşdırıram”.

Bənzər xəbərlər