featured-image-35481

“Neftçi”nin sabiq futbolçusu Voislav Stankoviçin Msport.az saytına müsahibəsi

– Bu yay “Neftçi”ni Serbiyanın “Jelezniçar” (Pançevo) klubuna dəyişdiniz. Yeni komandanızda vəziyyət necədir?
– Hər şey əladır. Yaxşı komandaya gəlmişəm. Burada əla abu-hava var. Düşünürəm ki, bu, mənim üçün ən uyğun variant idi. Övladlarım burada məktəbə gedirlər. Vətənimdə oynayacam və ailəmin yanında olacam. Uzun illər Azərbaycanda oynadıqdan sonra yenidən ölkəmə qayıtdım. Doğru seçim etdiyimə inanıram.

– Azərbaycan, “Neftçi” üçün darıxırsınız?
– Əlbəttə. Orada 9 il keçirmişəm. Ölkənizlə bağlı çox yaxşı xatirələrim var. “İnter”, “Qəbələ” və “Neftçi”də oynamışam. Bu klublardakı insanlarla işləmək xoş idi. Düzdür, darıxıram. Amma bu, futboldur. Ümid edirəm ki, nə vaxtsa yenidən Azərbaycana məşqçi və ya sadəcə, turist kimi qayıdaram. Hər şeyi zaman göstərəcək.

– Sabiq komandanızın oyunlarını izləyə bilirsiniz?
– İmkan olduqca, baxmağa çalışıram. Hələlik yalnız nəticələri izləyirəm. Çünki “Neftçi” oynayanda mən məşqdə oluram. Konfrans Liqasında “Jelezniçar”ı keçdiklərini bilirəm. Layiqli qələbə qazandılar. Çempionata isə yaxşı başlamadılar və ilk turda uduzdular. Uzun illər orada oynadığım üçün bilirəm ki, “Kəpəz” kimi komandalara qarşı oynamaq çox çətindir. Ümumiyyətlə, çempionatda gərgin və maraqlı matçlar olur. Futbol ona görə gözəldir ki, istənilən komanda favoriti uda bilir.

– “Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Neftçi”yə 1:3 hesabı ilə uduzdu. Növbəti mərhələ şanslarını necə qiymətləndirirsiniz?
– İlk oyun rəqib aşkar favorit olduğunu göstərdi. Amma “Neftçi” təslim olmamalıdır. Cavab matçında əlindən gələni edib layiqli mübarizə aparmalıdır. Təbii ki, rəqib güclüdür. İstənilən halda “Neftçi”yə uğurlar arzulayıram.

– “Neftçi” ilə başa çatan müqaviləniz yenilənmədi. Maraqlıdı, klub niyə sizə yeni sözləşmə təklif etmədi?
– Bilmirəm. Rəhbərlik mənimlə yola davam etmək istəmədi. Baş məşqçi dəyişikliyi də bu prosesə mənfi təsir göstərdi. Yeni müqavilə təklif etmədilər, heç kim heç nə demədi. Mən də klubdan ayrılmalı oldum.

–  Yeni baş məşqçi Adrian Mutu və transferlər, xüsusilə arxa xətt üçün alınan Yuri Matias və Mark Tamaş barədə nə deyə bilərsiniz?
– Mutunu futbolçu vaxtlarından tanıyıram. Necə oyunçu olduğunu bilirəm. Əla forvard idi, top-komandalarda çıxış edib. Baş məşqçi kimi necə olacağını bilmirəm. Çünki gəncdir. İnanıram ki, onda alınacaq. Yeni transferlərə gəlincə, ümid edirəm ki, “Neftçi” onlardan xeyir görəcək. Futbolçular ən yaxşı oyunlarını göstərib komandaya fayda verəcəklər.

Bənzər xəbərlər