"Neftçi" rəsmisi: "Biz ona etiraz edirik ki, artıq qərar verin"
Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan “Kəpəz” ev oyunlarını Qəbələdə keçirir. Qərb təmsilçisinin X turda “Neftçi” ilə ev matçını doğma məkanda oynayacağı gözlənilir.
Amma, iddiaya görə, “ağ-qaralar” “sarı-göylər”lə Gəncədə qarşılaşmaq istəmir. Paytaxt təmsilçisi digər komandalar kimi səfər oyununa Qəbələdə çıxmaq niyyətindədir.
Məsələyə aydınlıq gətirmək məqsədilə “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi Msport.az-a açıqlamasında məlumatı təkzib etdi:
“Qaydalar nədirsə, ona əməl etməliyik. Harada desələr, orada oynayacağıq. Peşəkar Futbol Liqasının saytında göstərilib ki, görüş Qəbələ şəhər stadionunda olacaq. Amma deyirlər ki, ola bilsin, Gəncədə oynadınız. Biz də ona etiraz edirik ki, qərar verin. Harada oynamağımızdan asılı olmayaraq, otel tutmalıyıq. Zamanımız məhduddur. 15-20 gün əvvəldən oteli bron etməliyik. Deyilmişdi ki, sentyabrın 30-dək məlumat veriləcək. Ortada isə heç nə yoxdur. Matçın vaxtı bilinsəydi, biz də öz işimizi bilərdik”.