featured-image-22013

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Premyer Liqanın XX turunda keçirilən “Neftçi” – “Zirə” (1:0) matçındakı mübahisəli epizoda aydınlıq gətirib.

Msport.az-ın məlumatına görə, türkiyəli mütəxəssis “CBC Sport”a açıqlamasında 75-ci dəqiqədə qonaqların futbolçusu Donald Geryeyə göstərilən qırmızı vərəqənin düzgün qərar olmadığını etiraf edib.

O bildirib ki, həmin epizodda ən doğru qərar penalti və ikinci sarı ilə meydandan qovulma ola bilərdi: “Çünki top hücumçuya çatmamışdı. Baş hakim Rəşad Əhmədovun oyundankənar vəziyyət qərarı verdikdən sonra VAR-a baxaraq haitili müdafiəçini meydandan qovması doğru qərar deyildi. Hakimlərimiz ən az doğru olan seçimə üstünlük verdilər. VAR-dan istifadə edilən oyunlarla normal matçlar arasında fərq olur. “Neftçi” – “Zirə” görüşündə VAR tətbiq olunmasaydı, penalti və sarı vərəqə qərarı ola bilərdi. Çünki mövsümün əvvəlində ofsaydla bağlı qaydalar dəyişdirilib. Qəsdən geri oynamaq artıq fərqli təhlil edilir. “Neftçi”nin futbolçusu Mateus Saldanya ötürmə anında ofsaydda idi. Ancaq “Zirə”nin müdafiəçisi topu öz qapısına vursaydı, hamımız avtoqol sayılacağını bilirik”.

B. Şimşəyin sözlərinə görə, həmin epizodda VAR-a müraciət olunmamalı idi: “Yan xətt hakimi bayrağını qaldırmışdı. VAR-dan istifadə olunan matçlarda meydanda aşkar səhv olub-olmadığına baxılır. Orada isə ofsayd qərarı verildiyindən, aşkar səhv sayılmır. “Neftçi”nin hücumçusunun rəqib müdafiəçisinə yaxın olduğunu nəzərə alsaq, ofsayd qərarının aşkar səhv olmadığını deyə bilərik. Yəni o epizoda VAR müdaxilə etməməli, baş hakim monitora baxmağa çağırılmamalı idi. Azərbaycanda isə Bahattin Duran və Tarık Onqunla çalışırıq. Onlarla da bu epizodu müzakirə etdik. Hər ikisi mənimlə eyni düşüncədədir. Hücumçu topa toxunmamış əl sifətə gəldiyindən, VAR-sız qarşılaşmada penalti göstərilə bilərdi”.

O, bir epizodda “Neftçi”nin qapısına penalti təyin olunmamasından şikayətlənən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun bu iradında haqsız olduğunu vurğulayıb.

Şimşək “Qəbələ”nin müdafiəçisi Ruan Renatonun “Sabah”la görüşün (0:3) 27-ci dəqiqəsində meydandan qovulmasına da toxunub: “Baş hakim Vüqar Həsənli doğru addım atdı. “Qəbələ”nin futbolçusuna göstərilən vərəqələrdə ciddi problem görmürəm. İlk sarı qərarı doğru idi. İkinci epizod isə birbaşa qırmızı vərəqəlik hərəkət idi. Yəni birbaşa qırmızı göstərsəydi, yenə qərar doğru olacaqdı”.

Bənzər xəbərlər