featured-image-47972

Azərbaycan Premyer Liqasının 34-cü turunda “Sabah” səfərdə “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olub. Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi  Krunoslav Renduliç jurnalistlərin suallarını  cavablandırıb:

-“Qəbələ”ni təbrik edirəm. Onlar bizdən yaxşı oynadılar, qalib gəldilər. Birinci hissədə öz səviyyəmizdə çıxış etmədik, çox pis oynadıq, çox top itirdik. Meydanda oyunçular arasında kommunikasiya yaxşı olmalıdır. İkinci toplara daha yaxşı reaksiya verməliyik. Rəqibə yaxşı təzyiq etdik, onlar bundan necə çıxmalı olduqlarını bilmirdilər. Bura üç xal üçün gəlmişdik. Əfsuslar olsun ki, səhvlər çox etdik və belə alındı. İkinci hissəyə yaxşı başladıq, amma qırmızı vərəqədən sonra çox çətin idi. 10 nəfərlə oynamaq asan deyil”.

– Autsayderə məğlub oldunuz. Demək olar ki, komandanı psixoloji olaraq oyuna hazırlaşdıra bilməmişdiz?

– Xeyr, sizinlə razı deyiləm. Yeddi gün ərzində oyunçularımı xəbərdar etmişdim ki, “Qəbələ” çox yaxşı komandadır. Baxmayaraq ki, sonuncu pillədədirlər, onlar sadəcə digər rəqiblərlə müqayisədə şanslarından istifadə edə bilməyiblər. İlk yarıda rəqibə yaxşı təzyiq edirdik. Bu da onu göstərir ki, psixoloji cəhətdən yaxşı hazırlaşmışdıq. Böyük səhvlər etdik və uduzduq. Həyat davam edir. Ardıcıl dörd oyunda qalib gəlmişdik, amma bu oyunda uduzduq. Qarşıdakı matçlara hazırlaşmalıyıq.

– Davit Volkov qışda “Zirə”yə keçə bilərdi, amma alınmadı. Lakin gözlənilən budur ki, o, yayda həmin komandaya keçəcək. “Zirə” isə “Sabah”ın avrokuboklar uğrunda mübarizədə əsas rəqibidir. Burada hansısa əlaqə görürsüz?

– Bizimlə iyuna qədər müqaviləsi var. 15-20 gündən sonra nə olacağını deyə bilmərəm. Volkov komandanı 10 nəfərlə meydanda qoymaqla böyük səhv etdi.

– Onu cəzalandıracaqsız?

– O, özü-özünü cəzalandırdı. Çünki qarşıda iki oyun var və həmin matçlarda iştirak etməyəcək.

– Qarşıda birbaşa rəqiblərinizlə oyunlarınız var. Komandanı psixoloji sarıdan necə toparlayacaqsız?

– İdmanda bəzən qalib gəlirsən, bəzən uduzursan. Bizim üçün psixoloji problem olmayacaq. Dörd oyunda qalib gəlmişdik. “Qarabağ”ı məğlub edəndə də, “Real”(Madrid) deyildik. İndi uduzmuşuqsa, o demək deyil ki, ikinci liqa səviyyəsində hansısa komandayıq. Xüsusi məqsədlərimiz var və onlara çatmaq üçün çalışmalıyıq.

– Son vaxtlarda stimullaşdırma məsələsi gündəmdədir. Xüsusən də, avrokuboklar uğrunda mübarizə aparan klubların burada aktiv olduğu bildirilir. Məsələn, “Araz-Naxçıvan” “Zirə”ni məğlub etdi, “Kəpəz” “Sumqayıt”dan xal aldı, bu gün isə “Qəbələ” “Sabah”a qalib gəldi. Ümumiyyətlə, stimullaşdırma məsələsinə normal yanaşırsız, yoxsa qeyri-peşəkarlıqdır?

– Dünyanın çox yerində stimullaşdırma var. Amma bilmirəm, Azərbaycanda buna icazə verilir? Digər komandalara deyə bilmərəm ki, o biri klubları stimullaşdırmayın. Bu haqda nəsə deməyim doğru olmaz.

– Birinci Liqaya düşən “Qəbələ”nin infrastrukturu haqda nə düşünürsüz?

– Həqiqətən də çox təəccübləndim. Çoxlu meydançalar var, əsas meydançanın səviyyəsi çox yaxşı idi. Bəlkə də Azərbaycanda ən yaxşı futbol infrastrukturuna malik “Qəbələ”dir.

– Maraqlıdır, niyə bu gün kapitanlıq öncə Ayaz Quliyevdə, daha sonra Cessi Sekidikada oldu?

– Bu, mənim seçimimdir. Ayaz və Cessi kapitanlıq sarğısını daşımağa layiqdirlər. Çünki məşqlərdə, oyunlarda 100 faizi meydana ortaya qoyurlar. Demirəm ki, Tellur Mütəllimov layiq deyil. Sadəcə, bu dəfə qərar verdim ki, kapitanlıq sarğısı Cessiyə həvalə olunsun. (sportal)

Bənzər xəbərlər