"Onsuz da bizi hamı ələ salır, futbolumuz əllərdə oynayır" - MÜSAHİBƏ
Azərbaycanın veteran futbolçusu, “Kəpəz”in məşqçisi Vidadi Rzayevin Msport.az saytına müsahibəsi
– Millimiz AVRO-2024-ün seçmə mərhələsinə bərbad start verdi. Qrupdakı ilk oyunda Avstriyaya 1:4 hesabı ilə uduzan yığma ardınca İsveçdən 5 cavabsız qol buraxdı. Yəqin ki, komandanın çıxışı bir çoxları kimi sizi də narazı saldı…
– Hələ De Byazi Azərbaycana gələndən 2 gün sonra müsahibəmdə demişdim ki, bunun sonu yoxdur. Niyə heç kim başa düşmək istəmir?! Bu cür bahalı mütəxəssisləri gətirməkdən, onlara 3-5 milyon verməkdənsə, komanda sayını artırsınlar. Həmin vaxt bu təklifi irəli sürəndə, bildirdilər ki, maliyyə yoxdur. Əcnəbi məşqçi gətirməyə pul tapılır, klubların sayını artırmağa yox? Görün, nə qədər geri düşdülər. Futbolu geri sala-sala gedirlər. De Byazinin məşqçiliyinə, işinə heç bir şübhəm yoxdur. Ölkədə futbolçu qıtlığı var, yaxşı oyunçu azdır. Düzdür, hazırkı futbolçular da əllərindən gələni edirlər. Millətlər Liqasında, eləcə də yoldaşlıq oyunlarında mənasız qələbələr qazandılar. Yığmanın əsl gücü bu cür qarşılaşmalarda bilinir.
– Deyirsiniz ki, De Byazinin uğursuz nəticələrdə heç bir günahı yoxdur?
– Bilirsiniz, bütün idman növlərində əsas seçim imkanlarıdır. Azərbaycanda sayılıb-seçilən futbolçular azdır.
– İş orasındadır ki, italiyalı mütəxəssis əlində olan azsaylı yaxşı oyunçudan da düzgün istifadə edə bilmir. Son iki matçda meydana buraxdığı heyət də bunu deməyə əsas verir…
– Razıyam. Məsələn, dünənki oyunda hesab 0:2 olduqdan sonra yersiz əvəzetmələr reallaşdırdı. İşinə qarışmaq istəmirəm, əlindəki futbolçuları tanıyır. Amma həmin oyunçular klublarında fərqli mövqelərdə çıxış edirlər. De Byazi yaxşı mütəxəssisdir, Albaniyanı final mərhələsinə çıxarıb. Amma onu buraya gətirmək düzgün qərar deyildi. Çünki futbolçu olmayandan sonra baş məşqçi heç nə edə bilməz. De Byazini ona görə qınayıram ki, hara gəldiyini bildiyi halda niyə müqaviləni uzatdı? Ardıcıl lazımsız qələbədən sonra dedilər ki, qalsın, yeni sözləşmə imzalayaq. Mən onda da buna qarşı idim. Qalmasını istəmirdim.
– Baş məşqçinin matçdan sonra keçirilən mətbuat konfransında “Əla oyun göstərdik” fikrilərinə münasibətiniz necədir?
– Onsuz da bizi hamı ələ salır, futbolumuz əllərdə oynayır. Berti Foqts gələndə dedim ki, Almaniyanı Avropa çempionu eləsə də, Azərbaycan üçün yaramır. Hamısını görə-görə gəlirik. Mən Nostradamus deyiləm, amma futboldan anlayışım var. Bizim vaxtımızda milli komandada bu cür şərait yox idi. Getdiyimiz ən uzaq yer Buzovna idi. Bir də ildə 1-2 dəfə komandanı Kiprə aparanda sevinirdik. Amma meydanda mübarizə aparırdıq. Fransaya 0:10 hesabı ilə uduzduğumuz oyunda belə vuruşmuşuq. Düzdür, həmin matçda mən olmamışam. Guya olsaydım, 10 top buraxmayacaqdıq (gülür). De Byazi çoxdan göndərilməliydi. Onlara verilən pulu başqa sahəyə yönəltmək olardı. Yenə deyirəm, imkan verin, millidə yerli mütəxəssis işləsin.
– Necə düşünürsünüz, AFFA rəhbərliyi niyə yerli məşqçiyə güvənmir?
– Vallah, bilmirəm. Nəyisə dəyişmək, yaxşı struktur qurmaq lazımdır. Bunlar isə eləcə deyirlər ki, biz hamısını bilirik. Heç zibil də bilmirlər. O vaxt Foqtsu tənqid edəndə deyirdilər ki, Vidadinin başı işləmir. Sonradan göründü ki, əslində özlərinin başı işləmir. Almaniyalı mütəxəssis 15 milyon pul apardı, qarşılığında nə etdi? Bizə əcnəbi məşqçi uyğun gəlmir. Oturublar kabinetdə, kim nə deyir, əllərini qaldırırlar. Tənqid olmayan yerdə inkişaf ola bilməz. Bunlar isə inkişafı fikirləşmirlər. Çatışmazlıqları deyə-deyə 55 yaşıma çatdım.
– Demək olar ki, bu seçmə mərhələ də boşa verildi. Bundan sonra hansı addımı atmaq lazımdır?
– De Byazi ilə müqaviləni daha 4 il uzatsınlar (əsəbiləşir). Onu Millətlər Liqasından sonra yola salmaq lazım idi. Qoy, yerli məşqçi işləsin. Bizdə Fərid Nəbiyev var, yaxşı formadadır. Onu çağırmır, Filip Ozobiçi aparıb yanında otuzdurur. İçib özümü yandırır, çölüm özgəsini.