"Oyunlardan da, futbolçulardan da razı qaldım" - Qurban Qurbanov
“Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Avstriyada keçirdikləri iki yoxlama görüşü ilə bağlı fikirlərini bölüşüb:
“Avstriyadakı ilk oyun günü yaxşı alındı. İki yaxşı rəqiblə qarşılaşdıq. Hava şəraiti çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq”.
Q.Qurbanov Avstriyadakı hazırlıq prosesini də dəyərləndirib: “Hazırlığın vacib olan ikinci mərhələsindəyik. Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik. Bu gün keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım. Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçir. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.
Qeyd edək ki, “Qarabağ” günün ilk yoxlama görüşündə Almaniyanın “Kayzerslautern” klubuna 1:3 hesabı ilə məğlub olub. Növbəti matçda isə Çexiyanın “Viktoriya” (Plzen) kollektivinə 2:1 hesabı ilə qalib gəlib.