"Özümüzünkünə şans verilmirsə, qoy, elə De Byazi işləsin"
“De Byazinin qalmasını mən də istəyirdim. Onsuz da yerli mütəxəssis olmayacaqdı. Belədə italiyalı ilə davam etmək məsləhət idi”.
Bunu Msport.az saytına açıqlamasında Azərbaycanın veteran futbolçusu Yunis Hüseynov deyib.
57 yaşlı mütəxəssis bildirib ki, yeni əcnəbi baş məşqçi gəlsəydi, məvacibi daha yüksək olacaqdı: “Həmçinin çempionat, futbolçularla tanış olmaq üçün zaman istəyəcəkdi. Yenə vaxt itirəcəkdik. Onsuz da itirə-itirə gedirik. De Byazi 3 ildir buradadır. Deyilənə görə, maaşı o qədər də yüksək deyil. Mən heç kimin pulunu saymıram, eşitdiyimi deyirəm. Başqa əcnəbi gətirməkdənsə, elə bu qalıb işləsin. Pis-yaxşı, futbolçuları tanıyır, onlara bələddir. Ona görə də De Byazinin qalması məqsədə uyğundur”.
Onun sözlərinə görə, xaricdən kimi gətirsən də, xeyri yoxdur: “Millidə futbolçu seçimi azdır. Cəmi 20-25 oyunçu var. Mən özüm hər zaman yerli mütəxəssisin tərəfdarı olmuşam. Yığmada işləyə biləcək təcrübəli məşqçilərimiz var. Hərdən mənə də sual verirlər ki, millini çalışdırnağa hazırsınız? Görəsən, nəyi nəzərdə tuturlar? Fiziki hazırlığı? Yenə deyirəm, özümüzünkünə şans verilmirsə, qoy, elə De Byazi işləsin.
“Hüseynov yığmanın De Byazinin rəhbərliyi altında 2024-cü il Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış edib-etməyəcəyini bilmədiyini söyləyib: “Bunu heç kim deyə bilməz. Hər şeyi zaman göstərəcək. Bəlkə yaxşı olacaq”.
Təcrübəli mütəxəssis “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin yığmadan kənarda qalmasına da münasibət bildirib: “Onu milliyə çağırmaq lazım idi. Oynamasa belə, heyətdə olmalı idi. Çünki təcrübəli futbolçudur, komanda yoldaşlarına motivasiya verə bilərdi. Bu, məsələnin bir tərəfi. İkincisi, bunu o qədər də böyütmək lazım deyil. Qaraya bir insan, futbolçu kimi böyük hörmətim var. Amma yığmaya dəvət almadığı üçün bütün mətbuat ondan yazır. Yunis Hüseynovu da vaxtında milliyə çağırmayıblar. Dünya dağılıb? Məsələni bu dərəcədə şişirtmək lazım deyildi. Mənə elə gəlir ki, heç Qaranın özünün də buna ehtiyacı yoxdur. Komandanın baş məşqçisi həmin oyunlarda başqa futbolçulara şans vermək istəyib. Üstəlik, yığma hər iki matçda qələbə qazanıb”.
Hüseynov Maksim Medvedevin De Byazinin oyuna 1-2 gün qalmış taktikanı dəyişməsi ilə bağlı fikirlərinə də toxunub: “Onun sözlərinə hörmətlə yanaşıram, amma bu barədə heç nə deyə bilmərəm. Çünki komandanın içində olmamışam”.
Qeyd edək ki, AFFA Canni De Byazi ilə müqaviləni AVRO-2024-ün seçmə mərhələsinin sonunadək uzadıb.