featured-image-24119

Peşəkar Futbol Liqası və “Modern Hospital” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Msport.az xəbər verir ki, müqaviləni PFL-in Media və Marketinq direktoru Sənan Abdullayev və “Modern Hospital”ın Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Azər Rza imzalayıblar.

“İdman, xüsusən də futbol sahəsində böyük təcrübəyə malik “Modern Hospital”la tərəfdaş olmaq çox xoşdur. Bilirik ki, futbol klubları ilə əməkdaşlıq etmisiniz. Bu, bizim üçün də sevindirici haldır. Qarşıda geniş planlarımız olduğundan bizi daha gərgin iş gözləyir. Əməkdaşlarımızın bu yeniliklərə daha sağlam, daha hazırlıqlı olması üçün sizinlə tərəfdaşlığımızın önəmli rol oynayacağına əminik. Ümid edirik ki, bu anlaşmadan hər iki tərəf razı qalacaq və tərəfdaşlığımız uzunmüddətli olacaq” – deyə Sənan Abdullayev bildirib.

Azər Rza da öz növbəsində anlaşmadan məmnunluq ifadə edib:
“İdman sahəsində fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq bizlər üçün artıq ritual halına gəlib. Bu sahədə beynəlxalq təcrübəyə sahib tibbi personalımıza güvənimiz sonsuzdur. Bunun məntiqi nəticəsidir ki, hər il onlarla beynəlxalq idman yarışının tibbi tərəfdaşı oluruq. PFL ilə başlayacaq yeni əməkdaşlığımızdan məmnunuq, hər iki tərəf üçün xeyirli olsun!”

Peşəkar Futbol Liqası və “Modern Hospital” arasında tərəfdaşlıq müqaviləsi 1 il müddətinə nəzərdə tutulub.

Bənzər xəbərlər