PFL-dən Musayevə cavab: "Yaxşı olardı ki, əsasnamənin tələblərinə əməl olunsun"
“Sabah”ın baş məşqçisi Murad Musayev evdə “Turan Tovuz”a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXIII tur oyunundan sonra hakimlərdən və onların idarəçiliyindən narazı qalıb. Bəcik taxılmasını tənqid edən rusiyalı mütəxəssis dünyanın heç bir liqasında belə bir şeyin olmadığını irad tutub. O bildirib ki, hakimlər akkreditasiyadansa, oyuna fikir versələr, daha yaxşı olar.
Musayevin fikirlərinə münasibət öyrənmək üçün Peşəkar Futbol Liqası (PFL) ilə əlaqə saxladıq. PFL-in texniki direktoru Elgiz Abbasov Msport.az-a açıqlamasında 40 yaşlı çalışdırıcının mətbuat konfransında səsləndirdiyi fikirlərlə tam şəkildə tanış olduğunu söyləyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı cavabdeh şəxslərlə söhbət olub:
“Ona və digər şəxslərə mövsümlük akkreditasiya ilə bağlı əsasnamənin tələblərini hakim yox, prosedura uyğun şəkildə AFFA nümayəndəsi bildirib. Ümumiyyətlə, akkreditasiya vəsiqəsi ilə bağlı bir neçə ildir tətbiq etdiyimiz
məqamlar ümumi iş üçün çox faydalı olub. Əvvəl belə demək mümkünsə, kim harada necə istəyirdisə hərəkət edə, istənilən əraziyə daxil ola bilirdisə, indi bütün sahələrə keçid akkreditasiya ilə müəyyən olunur”.
Abbasov deyib ki, AFFA nümayəndələri akkreditasiyanı tək Murad Musayevdən tələb etmir: “Bu, bütün baş məşqçilərə, eləcə də inzibati heyətə şamil olunur. Burada qeyri-adi heç nə yoxdur. O ki qaldı bu qaydaların dünyanın heç bir yerində tətbiq olunmaması məsələsinə, sadəcə onu deyə bilərəm ki, Avropanın 3 sayılıb-seçilən klub turnirində eyni qaydalar keçərlidir. Yaxşı olardı ki, əsasnamənin tələbləri müzakirəyə çıxarılmaqdansa, ona əməl olunsun”.







