featured-image-24156

Peşəkar Futbol Liqası bu gün Azərbaycan kubokunun 2022-2023-cü illər mövsümünün final oyununun keçiriləcəyi stadionu açıqlayıb. Msport.az xəbər verir ki, həlledici görüş iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Bu arena yarımfinala vəsiqə qazanan komandalardan birinin – “Neftçi”nin ev oyunlarını keçirdiyi stadiondur. Belə çıxır ki, “ağ-qaralar” finala vəsiqə qazanacağı halda əlavə üstünlük əldə edəcəklər. Laurentsiu Regekampfın komandası yarımfinalda “Turan Tovuz”la qarşılaşacaq. Digər cütdə isə “Qəbələ” və “Səbail” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, bir müddət öncə finalın Sumqayıtda yeni istifadəyə veriləcək Mehdi Hüseynzadə adına stadiona keçiriləcəyi ilə bağlı xəbər yayılmışdı. Lakin hələ ki sözügedən arenanın açılışı olmayıb.

Böyük ehtimalla, PFL bu qərarını başqa münasib arenanın olmaması ilə izah edəcək. Halubuki elə Bakıda Tofiq Bəhramov adına stadion, “Dalğa Arena”, Masazırda “Bank Respublika Arena” var. Maraqlıdır, tutaq ki, “Qəbələ” finala vəsiqə qazansa, “Neftçi” ilə rəqibinin meydanında qarşılaşmağı necə qəbul edəcək?

Demək olar ki, bütün ölkələrdə final matçının məkanı mövsümün əvvəlində müəyyənləşdirilir. Bizdə isə mart ayıdır, həlledici görüşə 3 ay qalır və yalnız bu gün finalın yeri açıqlanır. Düzü, PFL-in yeni rəhbərliyinin belə məsələlərdə daha operativ davranacağını güman edirdik. Amma belə görünür ki, Ramin Musayevin vaxtından qalan səhvlər təkrar olunur.

AYXAN  

 

Bənzər xəbərlər