PFL-lə "İnsports.tv"nin əməkdaşlığı hələlik yalnız narazılıq yaradır
Peşəkar Futbol Liqasının “İnsports.tv” ilə müqavilə bağlasa da, hələ də yayımla bağlı ciddi problemlər var. Anlaşmaya əsasən, 2022/2023 mövsümünün sonuna qədər Azərbaycan Premyer Liqası və I Divizion yarışlarının internet üzərindən yayımı yalnız “Insports.tv” saytı və tətbiqində mümkün olacaq. Artıq yayımçı şirkət – CBC Sport öz saytında və youtube səhifəsində oyunların yayımını dayandırıb.
Qeyd edək ki, bir müddət əvvəl “İnsports.tv”də qeydiyyatla bağlı çətinliklərlə əlaqədar PFL quruma məktub ünvanlamışdı. Lakin məsələ hələ də həllini tapmayıb. Azərbaycan Premyer Liqasının 23-cü turunun matçları ödənişsiz yayıımlanır. Növbəti turlardan isə oyunları izləmək istəyənlər bunun qarşılığında ayda 10 avro xərcləməli olacaqlar. Bəs gəlin görək, tamaşaçı pulundan keçirsə, keyfiyyətli məhsulla təmin olunurmu? Belə görünür ki, yox!
Dünən Azərbaycan Premyer Liqasının “Kəpəz” – “Şamaxı” görüşü zamanı da sosial şəbəkələrdə “İnsports.tv”dən şikayətlər yetərincə idi.
Həmkarımız Teymur Maksutov bununla bağlı “İnsports.tv” kimdəsə açılır? Baxa bilən var futbola bu platformadan? Məndə oyun 1 saatdan çoxdur ki yüklənmir, açmır. PFL da yayımı satanda heç olmasa keyfiyyətli platformaya satardılar da. Pirat “ssillkalarla” çempionata baxırıq...” yazaraq etirazını bildirmişdi. Digər həmkarımız Faiq Tahirov da “Mən də baxa bilmədim ordan” rəyini yazaraq yayımdakı problemləri göstərib.
PFL-in hər hansı şirkətlə anlaşıb müəyyən vəsait qazanmaq istəməsi yaxşı haldır. Amma gərək ortaya keyfiyyətli iş qoyasan. Ayda 10 avro ödəyəcək abonent təbii ki, yaxşı məhsula sahib olmaq istəyir. Yoxsa kim 10 avrosunu çölə atar ki? Hələlik isə PFL-lə “İnsports.tv”nin bu əməkdaşlığı yalnız narazılıq yaradır. Görək, bu günkü oyunlarda necə olacaq?
ELNUR MƏMMƏDLİ







