featured-image-12907

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qələbə qazansaq da, mənim üçün danışmaq asan deyil. Yenə 21 şəhidimiz var. Allah hər birinə rəhmət eləsin. Ağır gündür. Allah Ordumuzu qorusun. Ürəyimiz oradadır. Qalibiyyət haqqında çox şey demək istəmirəm. Matçın məsuliyyətini dərk edirdik. İlk hissədə həyəcan hiss olundu. Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm. Xalqımız bizdən bunu gözləyirdi. Rəqibə uğurlar arzulayıram və futbolçularımı təbrik edirəm”.

Təcrübəli baş məşqçi son günlərdə baş verənlərə görə daha məsuliyyətli olduqlarını vurğulayıb: “Futbolçular soyuqqanlı və diqqətli olmağı bacardılar. Oyunun gedişatı barədə danışırdıq. Onlara güvəndiyimi deyirdim. Çox gərgin, həyəcanlı anlar oldu, amma soyuqqanlı davrandılar. Futbolçulara təşəkkür edirəm. Böyük motivasiya vermirdim. Dost və yoldaş kimi münasibət qururduq. Deyirdik ki, üzərimizinə düşəni meydanda etməliyik. Mütləq qalib gəlməliyik deyə bir düşüncəmiz yox idi”.

Qurbanov oyunçuların ilk 25 dəqiqədə həyəcanlı olmasına mübasibət bildirib: “Futbol barədə düşünmək istəsək də, mümkün deyildi. İstər-istəməız cəbhədə baş verənlər müzakirə olunurdu. Rəqibin böyük pressinq edəcəyini gözləyirdik. Belə oyunlar çox olub. Təcrübə futbolçulara kömək etdi. Əlavə nəsə etdiyimi desəm, doğru olmaz. Daim futbolçuların yanında olduğumu demişəm. Bu oyunlardan ləzzət aldığımızı deyə bilmərəm. Sadəcə, Allahdan bu görüşü üzüağ başa vurmağı istəyirdim. Çox şükür, hər şey bizim tərəfimizdə oldu. Belə günlərdə təcrübə çox vacibdir. Bu gün uduza da bilərdik. Bəlkə də, Bakıda oynamağımız bizim üçün yaxşı oldu. Bütün xalqımız bizimlə idi”.

Mütəxəssis Ovusu Kvabenanın qolundan sonra tribunaya, azarkeşlərə baxmasına da aydınlıq gətirib: “Əslində çox nadir hallarda baxıram. Bəlkə də, insanların sevincini görmək istəyirdim”.

Baş məşqçi qrupdakı şansları dəyərləndirib: “Növbəti mərhələyə vəsiqə qazanmağı çox istəyirik. Amma rəqiblərimiz bəllidir. Hər biri çox ciddi və iddialıdır. Bizə daha ciddi yanaşırlar. Nə qədər şansımız varsa, ondan müksimum istifadə etməyə çalışacağıq. Futbolçularım çox istəklidirlər. Pley-offa çıxmaq istəyirik”.

Qurbanov ölkədəki bütün klubların azarkeşlərinə onları dəstəklədikləri üçün təşəkkür edib: “Əvvəlki oyunlarda da bunu hiss etmişəm. Çox mehriban xalqıq. Dostluqda çox möhkəmik. Həmişə bildirmişəm ki, 44 günlük zəfərimizdən sonra Azərbaycanda bir-birimizə olan münasibət çox dəyişib. Son illər bəlkə bir az birlik çatışmırdı, 44 günlük müharibədən sonra bunu hiss etmişəm. Bir-birimizə çox inamla, pozitiv yanaşırıq. Bu gün də hamı bizimlə idi. İstərdik ki, digər klublarımız Avropada oynasın, biz də onlara azarkeşlik edək. Mənim üçün çox xoşdur, hər birinə təçşəkkür edirəm. Belə də olmalıdır. Futbolumuzun inkişafı üçün bir olmalıyıq”.

Bənzər xəbərlər