featured-image-34127

Oyundan sonra Polşanın ağsaqqal jurnalistlərindən biri Yaroslav Tomçik utana-utana dedi ki, “inciməyin, amma bizim ağlımıza da gəlməzdi ki, “Rakuv” “Qarabağ”a 3 qol vura bilər. Deyəsən, ötən mövsümlə müqayisədə komandanız çox zəifləyib”. Ürəyimdən keçəni – “3 qol deyəndə ki, siz vurmadız ki, elə üçünü də “Qarabağ” özü-özünə vurdu da” dilimə almadım. Diplomatik tərzdə heyətdə baş verən dəyişiklərdən, Azərbaycan çempionunun mərhələdən-mərhələyə tempi artırmaq bacarığından danışdım. O fikirlə həmkarım da razılaşdı ki, Bakıdakı oyun tamamilə fərqli olacaq.

media-WhatsApp Image 2023-07-27 at 17.59.26

***

Heydər Əliyev Beynəlxalq Hava Limanında sanki Azərbaycan futbolu günləri keçirilirdi. Çərşənbə günü səhər saatlarında aeroportda kimi desən, görmək mümkün idi. AFFA-nın baş katibi Sərxan Hacıyev, “Sabah”la birgə səfərə çıxan İTV-nin rəhbəri Balaş Qasımov, Polşaya gedən Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, bir vaxtlar AZAL klubunun vitse-prezidenti olmuş Fikrət Hüseynov.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol turnirinin qalibi olmuş Fövqəladə Hallar Nazirliyinin komandası da səfərə çıxanlar arasında idi. Sən demə, yarışın əsas mükafatı kimi qalib heyətin “Qarabağ”ın səfər matçlarından birinə aparılması nəzərdə tutulubmuş. Nazirlik nümayəndələrinin də Polşaya səfər etməsi bununla bağlı idi.

Hava Limanında Azərbaycan futboluna aid istənilən mövzulu söhbətləri eşitmək olardı: “Sabah”la “Neftçi” arasında oyunların artıq derbi olacağından tutmuş (“ağ-qaralar”ın yeni prezidenti Fərrux Mahmudov “Sabah” rəhbərliyinə yaxınlığı ilə tanınır), Murad Musayevin Riqaya buraxılıb-buraxılmayacağına qədər.

****

“Qarabağ”ı aparan çater təyyarəsi 4 saatlıq uçuşdan sonra Katovitse Hava Limanına endi.

media-WhatsApp Image 2023-07-27 at 18.01.17

media-WhatsApp Image 2023-07-27 at 18.01.33

İlk xoş sürprizlə aeroportdan çıxan kimi rastlaşdıq. Bir neçə azarkeş əllərində böyük albom Qurban Qurbanova və “Qarabağ”ın futbolçularına yaxınlaşaraq avtoqraf almağa başladılar. Sən demə, bu albom başdan-başa Ağdam klubunun futbolçularının şəkilləridir. Hətta Qurbanov da vaxtilə millidə Serbiyaya vurduğu qolun fotosunu görüb xeyli təəccübləndi. Sonradan bildim ki, Polşada bu cür kolleksionerlər çoxdur.

Qarşıda bizi hələ Çestoxovaya avtobusla bir saatlıq səfər gözləyirdi. 2021-ci ilin məlumatına görə, Polşanın cənubunda yerləşən Çestoxovanın 214 min əhalisi var. Amma Rusiyanın Ukraynaya hücumundan sonra təbii ki, bu əyalət şəhərinə pənah gətirənlər də az olmayıb. Təsadüfi deyil ki, şəhərdə bir neçə dəfə ukraynalı taksi sürücüləri ilə rastlaşdıq. Onlardan biri Azərbaycanın Ukraynaya yetərincə dəstək verməməsindən incik-incik danışırdı. Yorğun-yorğun bölgədəki geosiyasi vəziyyət barədə geniş çıxış etmək həvəsində deyildim. Gözlərimi yumub “da, da” deyə-deyə mənzilbaşına çatana kimi mürülədim.

Şəhərdə Ukrayna restoranları da fəaliyyət göstərir, Aramsız yağışda, +12 dərəcə havada “Odessa”da verilən qaynar borş həmkarım Aydın Bağırovla mənim üçün göydəndüşmə oldu. Ümumiyyətlə, Çestoxovaya (bu şəhərin adını səhv yazsam, üzürlü sayın, iki gün dəqiq tələffüz etməyi də öyrənmədim) düşdüyümüzdən bəri yağış bir an belə dayanmadı. Elə bil Bakının noyabr-dekabr ayları idi, belə havada da çıxıb haranısa gəzməyə həvəs də olmur.

media-WhatsApp Image 2023-07-27 at 18.01.03

Əslində şəhər çox kiçikdir, bizim Mingəçevirdən bir az böyük olar, “Jasna Gora” monastırını çıxmaq şərti ilə xüsusi gəziləsi bir yeri də yoxdur. Amma Bakı kimi havasız meqapolisdən gəlib düşmüş adam üçün təmiz yaşıllıqlar, parklar əsl cənnət ab-havası yaradırdı. Köhnə kişilər buranı yüz faiz Kislovodska oxşadardı.

***

“Miejski” stadionunda olanda başa düşdüm ki, bu komandanın “Legiya” kimi böyük imkanlara malik klubu qabaqlayıb Polşa çempionu olması, nə deməkdir. 5500 tamaşaçı tutumuna malik arenanın düz-əməlli VİP lojası, “sky box”ları yoxdur.

media-WhatsApp Image 2023-07-27 at 18.00.11

media-WhatsApp Image 2023-07-27 at 18.00.24

Amma bununla belə məhdud imkan hesabına da “Rakuv” nələrsə etməyə çalışıb. Hətta çəkiliş üçün kameralar tribunadan yuxarıda köşkə oxşar xüsusi yerdə qoyulub.

****

Oyundan çox yazmağa ehtiyac yoxdur, Şahruddin yenə də öz ampluasında idi, hər 3 qol “Qarabağ”lı futbolçuların fərdi səhvlərindən vuruldu. Bunları özünüz gördünüz, həm də yetərincə fikir bildirilib deyə nəsə yazmağa ehtiyac yoxdur. Qurban Qurbanov isə həmişəki kimi media önündə komandasını, futbolçularını qorudu və “oyunçularından çox razı qaldığını” söylədi. Bəlkə də cavab matçı öncəsində bu  bir taktiki gedişdir.  Hər halda Qurbanov kimi təcrübəli məşqçi vacib qarşılaşmadan qabaq hər hansı futbolçusunu “sındırmaq” istəməz.

Əsas odur ki, “Qarabağ” “Rakuv”u keçə biləcək gücdədir. Əminəm ki, Azərbaycan çempionu gələn həftə Bakı Olimpiya stadionuna daha yaxşı formada çıxacaq və Polşadakından qat-qat yaxşı performans ortaya qoyacaq.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər