Portuqaliyalı qolkiper: "Zirə"nin qapısı etibarlı əllərdədir" - MÜSAHİBƏ
“Zirə”nin yeni qapıçısı Tiaqo Silvanın Msport.az saytına müsahibəsi
– Premyer Liqanın I turunda “Qarabağ”a qarşı oynamaqla “Zirə”də ilk rəsmi matçınıza çıxdınız. Təəssüratlarınız necədir?
– Bu, inanılmaz hiss idi, “Zirə”nin formasını geyinərək debüt etdiyim üçün çox şadam. Möhtəşəm atmosfer, çoxlu azarkeş, yaxşı meydança, əla futbol. Bir sözlə hər şey mükəmməl idi. Mənə elə gəlir ki, bu şənbə yenə də əynimdə “Zirə”nin köynəyi ilə yenidən sevinəcəyəm
– Komandanız tarixində ilk dəfə “Qarabağ”a qalib gəldi. Bu statistikadan xəbəriniz var idi?
– Bəli, oyundan əvvəl bilirdim ki, “Qarabağ”ı heç vaxt məğlub etməmişik. Amma onlarla qarşılaşmaqdan qorxmurdum. Bilirdim ki, komandamız qələbə qazanacaq keyfiyyətə malikdir! Çempionatda bütün rəqibləri məğlub edə biləcək kollektivimiz var. Sadəcə olaraq, çox diqqətli oynamalı və baş məşqçimizin strategiyasına uyğun hərəkət etməliyik.
– Bu qələbə sizin üçün nə deməkdir?
– Bu, bütün komandaya inam gətirən əla qələbə idi. Lakin cəmi 3 xal idi! “Qarabağ”la oyun vacib idi, amma artıq bitdi. İndi bütün diqqətimizi “Kəpəz”ə qarşı matçda qələbə qazanmağa kökləmişik. Bu oyunda qalib gəlməsək, “Qarabağ”ı udmağımızın heç bir mənası olmayacaq.
– “Zirə”yə keçidinizi necə reallaşdı?
– Ölkəmi ilk dəfə bu qədər uzun müddətə tərk etdiyim üçün çətin bir qərar oldu. Amma “Zirə”nin məsul şəxsləri ilə danışdıqca anladım ki, Azərbaycanda xoşbəxt olmaq üçün hər cür şərait var. Bu gün doğru qərar verdiyimə əminəm, “Zirə”də çox xoşbəxtəm.
– Bura gəlməmişdən əvvəl Azərbaycan futbolu haqqında nə bilirdiniz?
– Azərbaycan çempionatını izləmirdim. Amma təklif gələndə bəzi məlumatlar əldə etdim. Bildim ki, burada çox keyfiyyətli oyunçular var. İlk oyundan sonra liqanın çox rəqabətli olduğunu gördüm. Çempionatın intensivliyi və keyfiyyəti məni heyran etdi. Hiss edirəm ki, çempion yalnız son turlarda müəyyənləşəcək.
– “Zirə” ötən mövsüm qapıçı səhvlərindən çox əziyyət çəkdi. Bu amil transferinizdə böyük rol oynadı. Burada istənilən çətinliyə hazırsınız?
– Keçən mövsüm nə baş verdiyini bilmirəm. Amma bilirəm ki, bu il “Zirə”nin qapısı etibarlı əllərdədir və heç bir təhlükə yoxdur. Komandadakı qolkiperlərin hamısı oynaya bilər. Anar Nəzirov böyük təcrübəyə malik əla qapıçıdır. Səlim isə yaxşı gələcək vəd edən oyunçudur. Azərbaycan millisinin gələcəyi ola bilər. Hər üçümüz komanda üçün ən yaxşısını etməyə çalışacağıq.
– Bu mövsüm komandanın qarşısına hansı məqsədlər qoyulub?
– İndi gələcəyi yox, hər oyunu ayrı-ayrılıqda düşünürük. Evdə və ya səfərdə, fərqi yoxdur, hədəf bütün matçlarda qələbə qazanmaqdır. Əsas məqsədimiz məhz budur. Aydındır ki, Azərbaycanı avrokuboklarda təmsil etmək arzumuz var. Əvvəlcə əlimizdən gələni edək, sonra riyazi hesablamalara keçərik. Azarkeşlərimizin də dəstəyi ilə bu mövsüm hər şey mümkündür. Sadəcə, xəyal edib inanmaq lazımdır.







