Premyer Liqanın 10-cu turu: Adsız Şahmuradov, tablosuz Gəncə, qırmızı vərəqəsiz Əliyar Ağayev
Azərbaycan Premyer Liqasının 10-cu turunda da maraqlı hadisələr yaşandı. Msport.az sizi turun diqqətçəkən məqamlarına göz atmağa dəvət edir.
“Şamaxı” – “Qəbələ” 1:1
Şahmuradovun forması
Şamaxıda sensasiya qeydə alınsa da, oyundan çox Rövşən Şahmuradovun forması müzakirə olundu. Təsəvvür edin, həmin gün AFFA İntizam Komitəsi Şahmuradovun formasının arxasında ad və soyadın yazılmadığına görə əyalət klubunu 3 min manat cərimə etmişdi. Çünki Şahmuradov “Zirə” ilə matça da belə çıxmışdı. Eyni hadisə “Qəbələ” ilə görüşdə də yaşandı. 33-ci dəqiqədə Qurban Səfərovu əvəzləyən futbolçunun kim olduğunu azarkeşlər yalnız diktorun səsindən bildi. Maraqlıdır, AFFA İntizam Komitəsi yenə “Şamaxı”nı 3 min cərimə edəcəkmi?
“Sabah” – “Zirə” 1:0
Rəşad Sadıqovun etirazı
“Sabah” I dövrədə olduğu kimi yenə də “Zirə”ni məğlub edə bildi. Emmanuel Appehin 72-ci dəqiqədə vurduğu qol meydan sahiblərinə 3 xal gətirdi. Əsas hadisələr isə qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransında yaşandı. O, oyunun baş hakimi Elçin Məsiyevi ittiham etdi: “O qədər sarı vərəqəsi olan futbolçular var ki, etiraz etsələr də, ikincini almırlar. Elçin Məsiyevə sual verdim ki, neçə dənə belə sarı vərəqə göstərmisən. Cavab verə bilmədi. Elçin yaxşı hakimdir. Amma bu cür soyuqqanlı qərarlar çox vaxt “Zirə”yə qarşı olur. Hakimlikdən çox danışmaq istəmirəm. Çünki niyə belə etdiklərini bilmirəm”.
“Kəpəz” – “Neftçi” 0:2
Gəncə stadionunun problemləri
Biz elə bilirdik, Gəncə stadionunda problemlər yalnız infrastruktur məsələsi ilə bağlıdır. Arenanın qəzalı vəziyyətdə olması, uzun illərdir təmir edilməməsi hər kəsə bəllidir. Amma futbolçular əvəzlənərkən Gəncədə daha bir çətinlik ortaya çıxdı. Məlum oldu ki, nömrələri göstərmək üçün olan tablo işləmir. Yazıq 4-cü hakim Rəşad Əhmədov dil və eşitmə qüsuru olan əlillərə müraciət edirmiş kimi işarə dili ilə danışmağa başladı.
“Qarabağ” – “Sumqayıt” 3:1
Əliyar Ağayevin mübahisə doğuran qərarı
“Qarabağ” “Sumqayıt”la görüşdə də favorit hesab olunurdu. Lakin buna baxmayaraq, 55-ci dəqiqədə Aqanspahiç hesabı açaraq meydan sahoblərinin azarkeşlərinin kefinə “soğan doğradı”. Ramil Şeydayevin oyuna daxil olması hər şeyi dəyişdi. Dubl edən forvard komandasının qələbəsində önəmli rol oynadı. Sosial şəbəkələrdə isə matçdan sonra ən çox müzakirə olunan Əliyar Ağayevin qərarı oldu. FİFA referisi Ozobiçin Aqanspahiçə qarşı aşkar kobudluğu zamanı sarı vərəqə göstərdi. Halbuki “Qarabağ”ın yürımmüdafiəçisinə qeydsiz-şərtsiz qırmızı göstərilməli idi. Dünəndən sosial şəbəkələrdə Ağayev -“Qarabağ” münasibətlərinə dair xoş olmayan söhbətlər yayılmağa başlayıb.
ELNUR MƏMMƏDLİ