featured-image-23946

Bu gün növbəti Azərbaycan derbisinə şahidlik edəcəyik. “Gent”lə ağır oyun keçirib Belçikadan yorğun və kefsiz qayıdan “Qarabağ” özündən 13 xal geri qalan və 3-cü yeri tutan “Neftçi” ilə qarşılaşacaq.

Ağdam klubu son 6 matçda prinsipial rəqibini məğlub edib.  Laurensiu Regekampf “Neftçi”nin sükanı arxasına keçdikdən sonra hər iki oyunda Qurban Qurbanova uduzub – 1:3 və 0:4. Əslində bu dəfə də aşkar favorit meydan sahibləri hesab olunur. Sadəcə “Qarabağ” Belçikadan uzun yol qət edib, səfərdən qayıdıb və böyük ehtimalla Qurbanov heyətdə geniş rotasiyalara gedəcək. Biz yəqin ki, “Azərsun Arena”da “Gent”ə qarşı oynamayan və ya az meydanda olan futbolçuları görəcəyik. Azərbaycan derbisi öncəsində heyətləri təhlil etməyi qərara aldıq. “Qarabağ”ın II heyəti “Neftçi”dən güclüdürmü?

QAPI XƏTTİ: “QARABAĞ” – “NEFTÇİ” 0:1

Luka Quqeşaşvili (Amin Ramazanov) – İvran Brkiç

Qurban Qurbanovun Quqeşaşvili və ya Amin Ramazanova şans verəcəyini müəyyənləşdirmək çətindir. Gürcüstanlı qapıçı “Gent”lə matçda 120 dəqiqə və oyunsonrası penalti zərbələri zamanı meydanda olub. Bu səbəbdən bəlkə də çərçivədə gənc Ramazanov yer aldı. Amma  “Neftçi”nin prinsipial rəqib olduğunu nəzərə alsaq, baş məşqçi riskə getməyib çərçivəni Lukaya tapşıra bilər.

İstənilən halda indi “Neftçi”nin qapı xətti daha güclü görünür. İvan Brkiç son matçlarda inamlı təsir bağışlayır və əvvəlki kimi səhvlərə yol vermir.

MÜDAFİƏNİN MƏRKƏZİ: “QARABAĞ” – “NEFTÇİ” 1:0

Kevin Medina, Rahil Məmmədov – Voislav Stankoviç, Salamon Kvirkveliya 

Avrokubok matçlarında cəzalı olduğu üçün oynamayan Medina yenidən start heyətinə qayıdacaq. Onun yanında isə Rahil Məmmədov çıxış edə bilər. Həm Bədavi Hüseynov, həm də Bəhlul Mustafazadə “Gent”lə ağır oyunlardan çıxıblar. Rahil 23-cü turda “Zirə” ilə görüşdə 90 dəqiqə meydanda olduğundan oyun təcrübəsi baxımından problem olmamalıdır.

“Neftçi”nin hər iki mərkəz müdafiəçisi həm yaşlıdır, həm də ağır. Stankoviçlə Kvirkveliyanın ikisinin birgə 66 yaşı var. Müdafiənin mərkəzi baxımından üstünlük “Qarabağ”ın tərəfindədir.

MADAFİƏNİN CİNAHLARI: “QARABAĞ”- “NEFTÇİ” 1:0

Maksim Medvedev, Toral Bayramov – Höccət Haqverdi, Azər Salahlı

Hücuma qoşulmaq baxımından Toral həm Höccətdən, həm də Azərdən daha effektlidir. Medvedev “Zirə” ilə matçda 90 dəqiqə forma geyinib. Toral isə “Gent”lə görüşün 107-ci dəqiqəsində meydana daxil olmuşdu.

“Neftçi”nin cinah müdafiəçiləri daha çox arxa xəttə kömək etməyə üstünlük verirlər. “Ağ-qaralar”ın hər iki cinah oyunçusunun hücumlara qoşulması elə də  yaxşı alınmır.

YARIMMÜDAFİƏ XƏTTİ: “QARABAĞ” – “NEFTÇİ” 0:1 

Qara Qarayev, İsmayıl İbrahimli, Filip Ozobiç – Emin Mahmudov, Ata Caber, Kenni Sayef. 

Adlar üzərindən götürsək, paytaxt klubunun orta sahəsi daha güclü təsir bağışlayır. Amma iş orasındadır ki, indi Emin Mahmudov ideal formasından xeyli uzaqdır. Lakin əvəzində Sayef son oyunları yaxşı keçirir.

“Qarabağ”da vəziyyət bir qədər fərqlidir. İsmayıl İbrahimli yalnız “Zirə” ilə oyunda 1 dəqiqə şans əldə edib. Qara da son vaxtlar az oynayır və formada deyil. Ozobiç isə zədədən yeni qayıdıb. Oktyabrdan bu yana zədəli olan millimizin üzvü “Zirə” ilə matçda 32 dəqiqə oynadı.

HÜCUM XƏTTİ: “QARABAĞ” – “NEFTÇİ” 1,5: 1,0 

Redon Cica, Adama Diakabi, Musa Qurbanlı – Kilian Lebon, Azər Əliyev, Mateus Saldanya 

Cica Belçikada əlavə vaxtda oyuna çıxdı. Ona görə də albaniyalı futbolçu bu gün start heyətində ola bilər. Sadəcə məsələ odur ki, Qurbanov Cicanı mərkəz hücumçusu kimi yox, vinger kimi sınaqdan keçirir. Cica cinahda yer alsa, hücumun sivri ucunda Musa Qurbanlını görəcəyik. Diakabi “Gent”lə matçda epizodik olaraq gözə girirdi, lakin o, da hələ formada deyil.

“Neftçi”də Saldanya gələndən 2 qol vurub. Lakin braziliyalı forvard “Sumqayıt” və “Səbail” kimi autsayderlərlə matçlarda fərqlənib. Onun nəyə qadir olacağı “Qarabağ”la dueldə məlum olacaq. Lebon isə istəniləni vermir və azarkeşlər hələ də Lavalı daha çox xatırlayırlar. Hücum xəttində “Qarabağ”ın cüzi üstünlüyə malik olduğunu düşünürəm.

AYXAN 

Bənzər xəbərlər