"Qarabağ" ən çətin dönəmində "Gent"ə qarşı
“Qarabağ” ən çətin dönəmində bu gün “Gent”lə oyuna çıxacaq. Düzdür, son illərdə Ağdam klubunun tarixində belə kritik vəziyyətlər az olmayıb. Heyətin bir çox futbolçularının zədələnməsi və ya komandanın istənilən formada olmaması. Düzü, hazırkı durumu əvvəlkilərlə müqayisə etmək çətindir.
Ən pisi odur ki, Azərbaycan çempionu Belçika təmsilçisini qapı xəttindəki bu cür problemlərlə qəbul edəcək. Deyə bilərsiniz ki, son illərdə “Qarabağ”ın çərçivə ilə bağlı stabilliyi nə vaxt olub ki? Ən önəmi matçlarda Şahruddin Məhəmmədəliyevin “hoqqaları” komandanın yolunu kəsib. Yaxın keçmişdir deyə, Şahruddinin səhvlərini yada salıb, vaxtınızı almaq istəmirəm. Amma bir məsələ də var ki, o, həddən-artıq özünə güvəndiyindən bu xətaları törədirdi və insafən, Şahın xilas etdiyi oyunlar da az olmayıb. İndi isə “Qarabağ” Azərbaycan çempionatında belə özünü itirən Luka Quqeşaşvili və gənc Amin Ramazanovun ümidinə qalıb. Gürcü qapıçı ilə yeni 3 illik müqavilə niyə imzalandı, bu, hələ də mənə çatmır. Luka “Turan Tovuz”la oyunda topa elə çıxırdı ki, sanki dostları ilə Rustavelli prospektində axşam gəzintisindədir. Məhz həmin matçdan sonra Qurban Qurbanov onu ehtiyata göndərdi və çərçivəni Ramazanova tapşırdı. Hər kəs Aminin yetərli təcrübəyə malik olmadığını, “Gent”lə görüşdə həyəcanlana biləcəyini önə çəkir. Amma nə zamansa, Amin də şans əldə etməlidir. Necə ki, Toralla bu imkan yaradıldı, 20 yaşında əsas heyət oyunçusuna çevirildi və ya Elvin Cəfərquliyev 20-21-də. Yaxud da Musa Qurbanlının 20 yaşında Azərbaycan Premyer Liqasında 16 qol vurduğunu xatırlaya bilərik.
“Qarabağ”ın başlıca problemlərindən biri də odur ki, yeni transferlər formada deyillər. Benzia gələndən yalnız 10 dəqiqə “Sabah”a qarşı oynayıb, Diakabi ara-sıra şans əldə etsə də, hələ də əvvəlki deyil. İçlərində ən hazırlıqlısı Redon Cica isə son görüşdə ümumiyyətlə, meydana daxil olmadı. Halbuki albaniyalı hücumçu ondan əvvəlki matçlarda şans əldə etmişdi. Belə çıxır ki, Ağdam klubu “Gent”ə qarşı Azərbaycan Premyer Liqasında oynadığı heyətlə mübarizə aparmalı olacaq. Ramazanov, Musa, Şeydayev, Romao, Leandro Andrade kimi futbolçular bu yükü çəkə biləcəklərmi?
Yazı pessimist ruhda qələmə alınsa da, dəfələrlə Qurbanov və komandası təəccübləndirə bilib. Hətta ən gözləmədiyimiz məqamda belə “Qarabağ” əla oyun və sərfəli nəticə bizi sevindirməyi bacarıb. Bu gün həmin günlərdən biri ola bilər. Bu qədər çətinliyə rəğmən, sadəcə komandaya inanmaq və sonadək dəstək vermək lazımdır.
ELNUR MƏMMƏDLİ







