"Qarabağ"ın ölüsü "Gent"dən diridir!
“Gent”lə oyundan öncə “Qarabağ”la bağlı xeyli suallarımız var idi. Heyət baxımdan zəifləmiş Azərbaycan çempionu Belçika klubuna qarşı nə edə biləcək? Yeni gələnlər formada deyil, meydanda kim oynayacaq? Qapı xəttində ciddi problemlər var, Qurban Qurbanov kimə şans verəcək?
Əminəm ki, Ağdam klubu “Gent”lə qış fasiləsindən əvvəl üz-üzə gəlsəydi, rahat 3 top vura bilərdi. Lakin bugünkü “Qarabağ” Avropa Liqasının qrupunda oynayan komandadan çox fərqlənir. Ovusu, Kadinin gedişi, Şahruddinin zədələnməsi, üstəlik Medinın cəzalı olması “Qarabağ”ı xeyli zəiflətmişdi. Diakabi, Benzia, Cica hələ ki 90 dəqiqə oynamağa hazır deyillər. Ona görə də köhnələr çiynini yükün altına verməli idilər. Gənc Musa Qurbanlı start heyətində yer alsa da, baş məşqçi çərçivəni Amin Ramazanova yox, Quqeşaşviliyə tapşırdı. Yaxşı ki, qonaqlar 90 dəqiqə ərzində çərçivəyə dəqiq zərbə endirə bilmədilər.
Oyunun gedişi göstərdi ki, “Gent” keçiləsi rəqibdir. “Qarabağ”ın Bakıda rəqib qapısına yol tapması çox vacib idi. Bəlkə də bu bir qol növbəti mərhələyə yüksəlmək baxımından həlledici olacaq. Amma nədənsə mənə elə gəlir ki, Qurbanovun komandası səfərdə hücuma atılacaq “Gent” qarşısında daha yaxşı oyun göstərə biləcək. Hətta Azərbaycan çempionunun Belçikadan qələbə ilə dönə biləcəyini də fikirləşirəm. Ümid edək ki, qarşıdakı bir həftə ərzində yeni transferlər ideal formalarına bir qədər də yaxınlaşacaqlar. Hələ ki həm Diakabi, həm Cica, həm də Benziya start heyətində yer alan futbolçulardan zəif görünürlər.
“Qarabağ”ın oyunu başa çatdıqdan sonra “Yuventus” – “Nant” görüşü başladı. Həmin oyunu izlədikcə Ağdam klubunun fransızları böyük hesabla məğlub etdiyi (3:0) matçı xatırlayırdım və əmin olurdum ki, qrup mərhələsindəki “Qarabağ” indikindən qat-qat güclü idi. Təsəvvür edin, “Nant” “Yuventus”la səfərdə başabaş mübarizə apardı. Halbuki “sarılar” Bakıda aciz qalmışdılar, öz meydanlarında isə son saniyələrdə vurulan qol hesabına qalib gəlmişdilər – 2:1.
Bir həftə sonra Belçikada cavab oyunu keçiriləcək. Cütün taleyi rəqib meydanında həll olunacaq. Hələ heç nə bitməyib, “Gent” növbəti mərhələyə yüksəlmək üçün əlindən gələni edəcək. Lakin dəfələrlə “Qarabağ”ın bu cür həlledici məqamlarda soyuqqanlı davrandığının şahidi olmuşuq. Bir sözlə, “Qarabağ”ın əlində yaxşı imkan var və bunu dəyərlərdirmək lazımdır.
ELNUR MƏMMƏDLİ







