“Qarabağ” “Olimpiakos”u məhv etdi” - Branimir Subaşiç
“Qarabağ” əla nəticəyə imza atdı. Açığı, bu cür qələbə gözləmirdim. Həm komanda, həm də ölkə üçün əla nəticədir”.
Bunu Msport.az saytına açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Branimir Subaşiç Ağdam təmsilçisinin Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə darmadağın etdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.
Serb əsilli veteran hücumçu bu qələbəyə Belqraddakı azərbaycanlı dostlarının da çox sevindiyini bildirib: “Burada Azərbaycandan olan yaxşı dostlarım var. Onlar danışdım, hamısı qürurlu və sevinclidir. Bu, zəfər Azərbaycan xalqı üçün böyük uğurdur”.
Subaşiçin sözlərinə görə, səfərdə “Olimpiakos” kimi tarixi olan komandanı məğlub etmək möhtəşəm nəticədir: “Qarabağ” rəqibini məhv etdi. Bu, sürpriz deyil. Son illər yüksəlişdə olan komandanın gördüyü işin nəticəsidir. Sübut edirlər ki, doğru yoldadırlar. “Qarabağ”ın qələbəsinə mən də ürəkdən sevindim”.
Qeyd edək ki, Branimir Subaşiç 2007 – 2013-cü illərdə Azərbaycan millisinin formasını geyinib. 40 yaşlı veteran forvard “Qarabağ”da isə 2013-cü ildə çıxış edib. O, Azərbaycanda həmçinin, “Neftçi”, “Qəbələ” və “Xəzər Lənkəran”ın da şərəfini qoruyub.