"Qarabağ" qapanmır və hər vəziyyətdə qol axtarır - Yunanıstan mətbuatı
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq. Azərbaycan çempionu səfərdə “Olimpiakos”la qarşılaşacaq. Yunanıstan mətbuatında bügünkü matçla bağlı müxtəlif yazılar, proqnozlar dərc olunur.
Msport.az “sport24.gr”ya istinadən bəzi məqamları təqdim edir:
“Olimpiakos” Yunanıstan Super Liqasında son oyunda “Atromitos” üzərində 2:0 hesabı ilə qələbə qazanaraq ümid verdi. Lakin dubl edən Sedrik Bakambu Avropa Liqasında oynaya bilməz. Bundan başqa, Xames Rodriges, Diadi Samasseku, Kostas Fortunis, Aqibu Kamara, Konrad de la Fuente, Kasami və Leydner də Avropa Liqasının iştirak ərzəsində yer almayıblar.
Usseynu Ba və Panayotis Retços isə zədəlidir.
Mitçel hələ ki hansı sistemlə oynayacağını müəyyənləşdirməmişdi. O, məşqlərdə hətta 3 mərkəz müdafiəçili sistemlə də hazırlıq keçirdi.
İlk oyunda “Frayburq”a 1:2 hesabı ilə uduzan “Qarabağ” öz meydanında “Nant”ı asanlıqla məğlub etdi – 3:0. Qurban Qurbanov artıq 14 (!) ildir ki, bu komandaya rəhbərlik edir. “Qarabağ”da “Olimpiakos”un sabiq oyunçusu Marko Yankoviç də forma geyinir.
“Qarabağ” 7 oyunda 7 qələbə qazanaraq Azərbaycan çempionatında liderlik edir – topların fərqi – 24:6.
Onların adı bəlkə də diqqəti çox cəlb etməyə bilər, lakin “Qarabağ” çox sanballı komandadır. Kompakt oynayırlar, orta hücumlarda böyük sürət olur və meydanda aydın qərarlar verirlər. Azərbaycan liqasından nümunə gətirmək doğu olmaz, ancaq “Frayburq” və xüsusən də “Nant”a qarşı oyunlarda qrupda tam rəqabət apara biləcəklərini sübut etdilər.
“Olimpiakos”un xal itkisinə haqqı yoxdur, əks halda Konfrans Liqasına vəsiqə verən 3-cü yeri tutmaq çox çətin olacaq. Mitçel üçün heç də asan deyil. Çünki ispaniyalı məşqçi hər 3-4 gündən bir iki fərqli komanda hazırlaşdırmalı olur. Bununla belə, Pireydə psixologiya müsbətə doğru dəyişib, həll yolları mövcuddur və “qırmızı-ağlar”ın motivasiyası çox yüksəkdir.
Komandaların davranışından belə qənaətə gəlmək olar ki, sürətli oyun izləyə bilərik. “Qarabağ” qapanmır və hər vəziyyətdə qol axtarır.
“Olimpiakos” 3 xal qazanmaq üçün mütləq qol vurmalıdır. Pep Bil yəqin ki, meydan sahiblərinin hücum xəttində aparıcı oyunçu olacaq. İspaniyalı futbolçu həm yarımmüdafiənin bütün mövqelərində, həm də hücumda oynamağı bacarır. Onun sürəti, texnikası və boş mövqeyə açılmaq bacarığı azərbaycanlıların müdafiə xəttinə problemlər yarada bilər.