featured-image-23980

Ramil Şeydayev hələ də “Qarabağ”ın təklif etdiyi yeni müqaviləyə imza atmır. Milli komandamızın üzvü rəhbərliyə may ayını gözlədiyini, həmin vaxt konkret cavab verəcəyini deyir.

26 yaşlı futbolçu ilə Rusiya klubları maraqlandığından o,  bir qədər düşünməyi qərara alıb. Əslində Şeydayev başa düşür ki, gedib yenidən özünü Rusiya Premyer Liqasında sübut etməsi çətin olacaq. Üstəlik də bu ölkənin klublarının avrokuboklara buraxılmaması onun tərəddüd etməsinə gətirib çıxarıb. Sadəcə hücumçu bu yolla Ağdam klubundan daha yaxşı təklif və maaşının artırılmasını gözləyir.

“Neftçi”nin Ramillə maraqlanması barədə xəbər yayılsa da, əslində bu həqiqəti əks etdirmir. “Ağ-qaralar” hazırda yığmamızın üzvünün şərtlərini qarşılamaq iqtidarında deyillər.

Msport.az-ın əldə etdiyi məlumata görə, “Qarabağ” müxtəlif yollarla Şeydayevə təzyiq edir ki, yeni müqaviləyə imza atsın. Son vaxtlar mətbuatda çıxan bəzi xəbərlər də bu işin tərkib hissəsi ola bilər. Ağdam klubu əla mövsüm keçirən hücumçunu əldən buraxmaq istəmir. Həm də Qurban Qurbanov futbolçunun məhz “Qarabağ”da formaya düşdüyünü əsas gətirir.

Böyük ehtimalla yaxın vaxtlarda Şeydayevlə bağlı mətbuatda yeni-yeni xəbərlərə rast gələ biləcəyik.

AYXAN  

Bənzər xəbərlər