featured-image-22221

“Qarabağ”ın “Gent”lə oyununa 11 gün qaldı. Belçika klubu ilə Konfrans Liqasındakı görüşdən 5 gün əvvəl isə Ağdam klubu Azərbaycan Premyer Liqasında əsas rəqibi “Sabah”la üz-üzə gələcək.

Qurban Qurbanovun komandası bu iki əhəmiyyətli oyundan əvvəl Gəncədə “Kəpəz” qarşısında imtahan verməli oldu. Lakin “Qarabağ”ın bu sınaqdan heç də yaxşı ayrıldığını deyə bilmərik. Etiraf etmək lazımdır ki, “Kəpəz” daha istəkli, daha motivsiyalı idi. Düzdür, Gəncə stadionunun qazonu da qonaqların ənənəvi texnikalı oyun nümayiş etdirməsinə, topu saxlamasına mane olurdu. Ancaq iş orasındadır ki, bundan əvvəl “Sabah”, “Qəbələ” kimi komandalarda eyni arenada, eyni çətinliklə üzləşiblər.

Qurban Qurbanov xal itkisini oyunların günorta saatlarında başlaması və komandanın bu səbəbdən normal hazırlıq planının olmaması ilə əlaqələndirdi. Məncə, əsas problem bu deyildi. Hiss olunur ki, qış fasiləsindən sonra “Qarabağ” hələ ki tam öz oyununu tapmayıb. Bəlkə də “köhlən atlar” “Gent”lə görüş ərəfəsində pik formalarına yüksələcəklər. Hazırda Azərbaycan çempionunda oyun intizamı, xətlər arası əlaqə istənilən səviyyədə deyil. Qurbanov yeni transfer Redon Cicaya start heyətində şans versə də, albaniyalı futbolçu Gəncədə elə də yadda qalmadı. Ümumiyyətlə, yeni gələnlər arasında Cica formada olsa da, onun da “Qarabağ”ın sisteminə uyğunlaşması üçün xeyli vaxt lazımdır. Adama Diakabinin adı isə “Kəpəz”lə oyunun iştirak ərizəsinə daxil edilməmişdi. Əvəzinə ilk dəfə Yassin Benzia ehtiyatda qalmışdı. Hər nə qədər çətin olsa da, Qurbanov ümid edir ki, bu futbolçular Belçika təmsilçisi ilə duelə kimi tam hazır olsunlar,

Ağdam klubunun ən böyük problemi isə şübhəsiz ki, qapı xətti ilə bağlıdır. “Qarabağ”ın baş məşqçisi Luka Quqeşaşviliyə az da olsa ümid bəsləyirdisə, “Turan Tovuz”la səfər matçındakı kobud səhvdən deyəsən, onu birdəfəlik sildi. Təsadüfi deyil ki, “Kəpəz”lə oyunda çərçivə gənc Amin Ramazanova tapşırılmışdı. Ramazanovun gənc olması və yetərincə oyun təcrübəsinin olmaması hər kəsi narahat edən məqamdır. Böyük ehtimalla “Qarabağ” “Gent”lə oyuna kimi yeni qolkiper transfer edə bilməyəcək. Ramazanov və Quqeşaşvili ilə “Gent” qarşısına çıxmaq riskli olacaq, lakin artıq geriyə yol yoxdur.

Bir sözlə, belçikalılarla matçdan 11 gün əvvəl “Qarabağ”da vəziyyət o qədər də yaxşı deyil. Heyəti, büdcəsi, futbolçularının ustalıq səviyyəsi “Qarabağ”dan qat-qat zəif olan “Kəpəz” son oyunda daha yaxşı təsir bağışladı. Ümid edək ki, ağdamlılar bu xal itkisindən dərs çıxaracaq və  Qurbanov futbolçularını Konfrans Liqası oyunlarına hazır edə biləcək.

ELNUR MƏMMƏDLİ  

Bənzər xəbərlər