featured-image-82064

2005-ci ildə Azərbaycan futbolunun xəritəsinə yeni bir klub daxil olur. Nəticədə bölgənin futbol arzusu böyüyür, uşaqlara stadionun yolu göstərilir, ölkə futbolunda özünəməxsus məktəb formalaşdırılır…

Söhbət təbii ki, Qəbələ adını ölkə sərhədlərindən kənara çıxaran şəhərin eyniadlı komandasından gedir.

“Qəbələ” ötən müddət ərzində ölkə çempionu olmasa da, paytaxtdan kənarda böyük futbol layihəsinin mümkün olduğunu göstərdi. Azərbaycan futbolunda uzun illər əsas ağırlıq Bakıda çıxış edən klublarının üzərində olub. “Qəbələ” isə bu stereotipi dəyişən önəmli layihələrdən biridir.

Vaxtilə avrokubok gecələri, Premyer Liqada medallar uğrunda mübarizə, uşaq futbolu, milli komanda üçün yetişdirilən futbolçular, infrastrukturu bu komandanın kimliyini formalaşdırıb.

“Qəbələ” onun təmsil olunduğu şəhərdə və ətraf bölgələrdə doğulan uşaqların futbolçu olmaq xəyalını gerçəkləşdirib. Bu klub Azərbaycana göstərdi ki, yaxşı futbolçu olmaq üçün mütləq Bakıda doğulmaq lazım deyil.

Bəhlul Mustafazadə, bu günlərdə “Sabah”a nəfəs verən Tellur Mütəllimov və saysız-hesabsız gənclər “Qəbələ”dən Azərbaycan futbolunun səhnəsinə çıxmış dirijorlardır.

Geriyə baxanda “Qəbələ”nin Azərbaycan futboluna verdiyi töhfənin yalnız futbolçularla məhdudlaşmadığını görürük. Buradan məşqçilər də keçib, futbol idarəçiləri də. Və onların bir çoxu sonradan Azərbaycan futbolunun müxtəlif səviyyələrində öz sözünü deyib.

“Qəbələ” son illərdə uğurlu çıxış etməsə də, çətin günlər yaşasa da, bu ağır dönəmlərdə ayaqda qalmağı bacarıb. Futbol klublarının ömrü illərlə yox, qoyduğu izlə ölçülür. “Qəbələ” isə ötən 21 il ərzində Azərbaycan futbolunda bunu ən yaxşı şəkildə bacaranlardandır.

Bəzən nəticə ilə, bəzən yetişdirdiyi futbolçu ilə, bəzən isə sadəcə bir uşağın futbol oynamaq arzusunu gerçəkləşdirməklə…

Hələ bölgədə öz soyadını formasının arxasına yazdırmaq istəyən neçə-neçə uşaq var. Deməli, hekayə hələ bitməyib.

Azərbaycan futbolunun laboratoriyası, yetişdirdiyin futbolçuların sayından çox-çox kiçik yaşın mübarək! (Xitab24.az)

Bənzər xəbərlər