"Qəbələ" avrokuboklar öncəsində yarımcan vəziyyətdə
UEFA Konfrans Liqasında mübarizə aparacaq “Qəbələ”də ən ağır dönəm başlayıb. “Qırmızı-qaralar” heyəti qorumaqda çətinlik çəkir, futbolçuların əməkhaqqısını isə qaldırmaq istəmirlər. Ötən mövsümlə müqayisədə transfer bazarında qiymətlərin qalxması “Qəbələ” kimi komandaların işini çətinə salıb. İndi yeni sponsoruna qovuşan “Turan Tovuz”, yaxşı büdcəsi olan “Səbal”, “Sumqayıt”, “Zirə” kimi klublar kisənin ağzını açıblar.
Azərbaycan kubokunu qazanan “Qəbələ” isə ötən mövsümlə müqayisədə oyunçulara artıq pul verə bilmir. Məqsəd İsayev artıq “Səbail”in yolunu tutdu, legionerləri də saxlamaq inandırıcı görünmür. Ruan Renato, İsnik Alimi yaxşı təklif alıblar və yəqin ki, karyeralarını yenə də ölkəmizdə başqa klubda davam etdirəcəklər. Roman Maçado Yaxın Şərqə yollanacaq. Felipe Santosla, Rafael Utziq də əyalət klubunda qalmayacaq. Legionerlər o yana qalsın, “qırmızı-qaralar” bəzi yerli oyunçularla da anlaşa bilmir. Ülvi İsgəndərov da maaşının qaldırılmasını istəyir, klub isə müsbət cavab verə bilmir.
Əslində futbolçuları da qınamaq olmur. Avrokuboklara vəsiqə qazanan komandanın oyunçularının daha yaxşı şərtlər tələb etməsi normaldır. Üstəlik də “Qəbələ” Azərbaycan kubokunu qazanıb. Görünür, ya komandanın maliyyə durumu qənətbəxş deyil, ya da qənaət edib futbolçulara çox da pul xərcləmək istəmirlər.
Komanda ötən mövsüm heyətini 90 faiz qoruya bilmişdi. Bu il isə vəziyyət fərqlidir. Elmar Baxşıyev özü də bilmir ki, avrokuboklarda kiminlə mübarizə aparacaq. Əslində hələ heç baş məşqçi də yeni müqaviləyə imza atmayıb və gələcəyi məlum deyil.
AYXAN







