"Qəbələ" rəsmisi: "Elə bil, öz əli ilə əcəlini çəkib gətirdi"
“Doğrudan da dəhşətli xəbər oldu”.
Bunu Msport.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov Türkiyədəki zəlzələdə dağıntılar altında qalaraq həlak olan sabiq məşqçiləri Uğur Kurtla bağlı danışarkən deyib.
Funksioner bildirib ki, türkiyəli mütəxəssislə sonuncu dəfə bu ilin yanvarında Antalyada görüşüblər:
“Biz orada olanda bunlar getdilər, çünki çempionat oyunları var idi. “Başakşehir”in akademiyasında qapıçılar departamentinin rəhbəri idi. Akademiya direktoru isə Nedim idi. Yanvarda “İskenderunspor”dan təklif aldı, yanındakı hocaları da özü ilə apardı. Uğur deyirdi ki, akademiyada vəziyyət sabitdir, amma stabilliyi sevmirəm, həyəcanlı həyat istəyirəm. Ona görə də təklifi qəbul etdi. Biz qayıtdıq, onlar da öz şəhərlərinə getdilər. 10-12 günə 3 oyun keçirmişdilər. Bir gün ortaq tanışlarımızdan biri Nedimin şəklini atdı ki, “İskenderunspor”da nəticələr pis olduğu üçün istefaya göndərilib. Mən də fikirləşdim ki, Uğur da onunla birlikdə qayıdıb gəlib. Sonra Nedim hoca ilə danışdım, Uğur ona deyib ki, halallıq verirsənsə, mən qalıb işləyim. Altı məşqçi ilə getmişdilər, Kurt və ondan öncə rəhmətə gedən digər mütəxəssis Nedimdən halallıq alaraq orada qalıblar. Elə bil, öz əli ilə əcəlini çəkib gətirdi”.
Kərimov Kurtla bağlı xatirələrini də bölüşüb: “İşi və xasiyyəti ilə əlaqədar xalqa qaynayıb-qarışan adam idi. Adət-ənənələrimizi necə öyrəndiyini onu tanıyan adamlar yaxşı bilir. Toya, yasa gedərdi, hər ikisində özünü necə aparmalı olduğunu yaxşı bilərdi. Hər şeydən xəbəri olan adam idi. Sözsüz ki, mənfi xüsusiyyətləri də var idi. Onsuz da ideal insan yoxdur. Həqiqətən xatirələrdə qalmağı bacaran adam oldu”.
Baş menecerin sözlərinə görə, “Qəbələ”də qapıçılıq məktəbinin əsasını məhz türkiyəli məşqçi qoyub: “Bizdə işlədiyi müddət sıfırdan başladığımız vaxtlar idi. Həmin dönəmdə bizdən yaxşı qapıçılar çıxmasa belə, işin strukturu quruldu. Onda gördüyüm xüsusiyyətlər nə idi? Həmişə qapıçı məşqçisi kimi deyildi. Sanki, Uğur sənin komandadırsa, elə bilirsən, bir köməkçi məşqçin var. Yəni, o dərəcədə kömək etməyi bacarırdı. Oyuna müdaxilə, baş məşqçiyə “podskazkalar” edə bilirdi. Məşqlərdə çox fəal idi. Müdafiəçilərə qapıçı ilə necə oynamaq lazım olduğu barədə hazırlıq keçirdi. Rəqibin hücumçuları haqqında öz qapıçılarımıza və ya əksinə, digər komandaların qolkiperləri barədə bizim forvardlara məlumat verirdi. Bu cür fərqli xüsusiyyətləri olan məşqçi idi”.
Qeyd edək ki, Uğur Kurt 2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləyib.
CAHİD







