Qışda gələnlər - Kim daha yaxşıdır?
Qış transfer dövründə klublarımız heyətlərinə əl gəzdirdilər, zəif mövqeləri gücləndirməyə çalışdılar. Hələ ki yeni futbolçu ilə müqavilə bağlamayan komandalar “Sabah” və “Qəbələ”dir. Düzdür, “Qəbələ” bu gün və ya sabah Ayyub Allaşı ictimaiyyətə təqdim edəcək.
Klubların qış fasiləsində heyətə cəlb etdiyi futbolçuların performasını müəyyənləşdirməyə çalışacağıq.
“QARABAĞ”
Yassin Benzia
Hələ ki Ağdam klubunun adlı-sanlı legionerini iş başında görməmişik. Qurban Qurbanov da qeyd edib ki, yarımmüdafiəçinin formaya düşməsinə çox vaxt tələb olunacaq.
Adama Diakabi (1 oyun, 26 dəqiqə)

Benziadan fərqli olaraq, Diakabi “Qarabağ”ın düşərgəsinə daha tez qoşuldu. O, Antalyadakı təlim-məşq toplanışında da “köhlən atlar”ın heyətində meydana çıxdı. Azərbaycan Premyer Liqasında isə Diakabi “Şamaxı” ilə matçda (3:1) debüt etdi. Fransalı futbolçu 64-cü dəqiqədə Musa Qurbanlını əvəzlədi. Diakabi ara-sıra bəzi epizodlarda sürətini, texnikasını göstərsə də, hələ ki 90 dəqiqə oynamağa hazır deyil. Yəqin ki, Qurban Qurbanov “Gent”lə oyuna kimi onu tam hazır etməyə çalışacaq.
Redon Cica (1 oyun, 26 dəqiqə)
Cica da Diakabi kimi “Şamaxı” ilə görüşdə ilk dəfə “Qarabağ”ın formasını geyindi. Biz albaniyalı futbolçunun hücum xəttinə alındığını düşünsək də, baş məşqçi onu sol cinah vingeri mövqeyində sınadı. Cica Diakabi və Benziaya nisbətən daha yaxşı formadadır. Lakin “Şamaxı” ilə matçda da hiss olunurdu ki, Cicanın “Qarabağ”ın oyun sisteminə alışmasına vaxt lazımdır. “Tirana”nın sabiq futbolçusu bəzi epizodlarda sanki nə edəcəyini, hansı istiqamətə qaçacağını bilmirdi.
“NEFTÇİ”
Höccət Haqverdi (2 oyun, 180 dəqiqə)
Milli komandamızın üzvünə adaptasiya üçün vaxt lazım deyil. O, Azərbaycan çempionatını kifayət qədər yaxşı tanıyır. Azər Salahlı, Emin Mahmudov, Eddi İsrafilov kimi futbolçularla birgə yığmada çıxış edib. Regekampf iranlı oyunçuya müdafiənin sağ cinahında şans verir. Lakin karyerası ərzində daha çox mərkəz müdafiəçisi kimi oynamış Höccət sağ cinahda elə də effektli deyil. Onun hücumlara qoşulub cinahdan ötürmə vermək keyfiyyəti aşağıdır. Bəlkə də gələcəkdə rumıniyalı məşqçi onu yenidən müdafiənin mərkəzinə çəkdi.
Kilian Lebon (2 oyun, 169 dəqiqə)
Laval getdiyindən Lebon “Neftçi”yə gələn kimi əsas heyət oyunçusuna çevirildi. “Sabah”la qarşılaşmada (0:2) elə də görünməsə də, (əslində həmin matçda “Neftçi”də hamı zəif oynadı) “Zirə”yə qarşı pis təsir bağışlamadı. Epizodların birində onun zərbəsindən sonra top qapı dirəyindən geri qayıtdı. Düzdür, sonrada yan xətt hakimi oyundan kənar vəziyyət qeydə aldı. Lebon hələ Lavaldan yaxşı olduğunu sübut etmək üçün xeyli tər tökməli olacaq.
Mateus Saldanya (1 oyun, 94 dəqiqə)

Braziliyalı hücumçu “Zirə” ilə oyunda debüt etmək imkanı qazandı. Saldaniya boş mövqeyə açılmağı, daim hərəkətli olması baxımından diqqəti cəlb elədi. Amma hücumçunun birinci vəzifəsi qol vurmaqdır. Donyo da bir çox oyunlarda hərəkətli görünsə də, rəqib qapısına yol tapa bilmirdi. Saldaniyanın bu işin öhdəsindən nə dərəcədə gələcəyini qarşıdakı həftələrdə biləcəyik.
“ZİRƏ”
Donald Gerye (1 oyun, 75 dəqiqə, qırmızı vərəqə)
“Zirə”nin Geryeni transfer etməsi birmənalı qarşılanmadı. İndiyə qədər “Qarabağ” və “Neftçi”də də oynamış haitili futbolçunun hər zaman intizam baxımından problemləri olub. Rəşad Sadıqov bir intizamsız futbolçu – Təmkin Xəlilzadənin yerinə digər eyni xasiyyətli Geryeni gətirdi. Müdafiəçi debüt oyununda qırmızı vərəqə almağa imkan tapdı. Sonradan AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek həmin epizodda “VAR-a baxılmasına lüzum yox idi” deyərək, hakimlərin səhvini etiraf etdi. Lakin Geryenin “Zirə”yə çox xeyir verəcəyinə heç cür inanmaq olmur.
İssa Cibrilla (2 oyun, 25 dəqiqə)
27 yaşlı nigerli futbolçu “Zirə”nin qışdan sonra hər iki oyununda meydana çıxsa da, dəqiqə etibarı ilə az oynayıb. Ümumiyyətlə. hazırda qəsəbə təmsilçisində irəli xətdə yaxşı rəqabət mövcuddur. Bu da Rəşad Sadıqova ən yaxşı formada olanlara şans verməyə imkan yaradır. Cibrillaya “qartallar”ın əsas heyətində möhkəmlənmək çətin olacaq. Lakin hər şey onun özündən asılıdır.
Vladislav Kulaç
Hələ ki ukraynalı hücumçunu iş başında görə bilməmişik. Kiyev “Dinamo”sunn sabiq forvardı Azərbaycana gəlməmişdən əvvəl uzun müddət oynamadığından görünür, formada deyil. Kulaçın karyerası, təcrübəsi, qolçuluq bacarığı belə düşünməyə əsas verir ki, o, formasını bərpa etsə, çempionatımızın ən yaxşı hücumçularından biri ola bilər.
“SUMQAYIT”
Murata Masaki (2 oyun, 180 dəqiqə, 1 sarı vərəqə)

“Sumqayıt” qış fasiləsində heyətində ən çox dəyişiklik olmuş komandadır. Samir Abasov demək olar ki, bütün legionerləri göndərdi və yeni futbolçular cəlb olundu. 23 yaşlı Masaki Latviyanın “Valmiera” klubundan gəldi. O, fasilədən sonra “Sumqayıt”ın hər iki oyununda start heyətində meydana çıxıb. Yalnız “Turan Tovuz”la qarşılaşmada 90+3-cü dəqiqədə baş məşqçi Masakini Elşən Abdullyevlə əvəzlədi.
Dieqo Karioka ( 2 oyun, 150 dəqiqə)
Braziliyalı vinger “Zirə” ilə oyunda pis təsir bağışlamadı. Karioka “Turan Tovuz”u məğlub etdikləri görüşdə də start heyətində meydana çıxmışdı və yenə də irəli xətdə fəal idi. Sadəcə “Sumqayıt”ın heyətində o qədər dəyişiklik baş verib ki, sistemi otuzdurmaq üçün xeyli vaxt lazımdır.
Karim Abubakar (2 oyun, 103 dəqiqə, 1 qol, 1 sarı vərəqə)
Qanalı hücumçu “Turan Tovuz”la qarşılaşmada komandasına qələbə gətirən qolu vurdu. Lakin həmin epizodda Vüqar Mustafayev hər şeyi etmişdi və Abubakara topa yalnız toxunmaq qalırdı. İsrailin “Bney Yehuda” klubundan gəlmiş hücumçu bir çox epizodlarda ləng davranması, gec qərar verməsi ilə yadda qalır. Bəlkə də bu, onun hələ adaptasiya dövrünü keçməməsi ilə bağlıdır. Hər halda gözləyək.
“ŞAMAXI”
Əli Səmədov (2 oyun, 162 dəqiqə)
“Kəpəzdə Tərlan Əhmədovla problemləri olan yarımmüdafiəçi “Şamaxı”ya gəldi və əsas heyət oyunçusuna çevirildi. Səmədov həm “Səbail”, həm də “Qarabağ”la matçlarda start “onbirliyində” olub. Belə görünür ki, Cavid Hüseynov bu futbolçuya tam güvənir.
Emin Zamanov (2 oyun, 135 dəqiqə)
Əli Səmədov kimi Emin Zamanov da “Şamaxı”ya əsas heyət oyunçusu kimi gəlib. “25 yaşlı futbolçuya Səbail”də Mahmud Qurbanov da ara-sıra şans verirdi. Yeni komandasında isə mütəmadi olaraq meydana çıxacaq.
“SƏBAİL”
Adil Nağıyev (1 oyun, 90 dəqiqə. 1 sarı vərəqə)
“Səbail”də baş məşqçi dəyişikliyi olan kimi Adil Nağıyev “Şamaxı”dan icarədən yenidən doğma komandasına qayıtdı. Şahin Diniyev müdafiəçiyə “Şamaxı” ilə oyunda start heyətində oynamağa imkan yaratdı. Lakin həmin matçda sarı vərəqə alan Nağıyev “Kəpəz”ə qarşı oynaya bilmədi.
David Qomes (2 oyun, 130 dəqiqə)
“Səbail” qış fasiləsində heyətdə ciddi dəyişikliklər etmədi. Şahin Diniyev bunun üçün mövsümün başa çatmasını gözləyir. Komandaya cəlb olunan yeganə legioner fransalı David Qomesdir. 30 yaşlı vinger “Kəpəz”lə matçda ilk dəqiqələrdən meydana çıxdı. Şamaxıda isə o, ikinci hisssədə Petro Stasyuku əvəzləmişdi.
“KƏPƏZ”
Mario Mustapiç (2 oyun, 180 dəqiqə, 3 top buraxıb)

Xorvatiyalı qapıçını Gəncə klubunun heç də uğurlu transferlərindən saymaq olmaz. Tərlan Əhmədov Orxan Sadıqlı və Kamran İbrahimovun oyunundan narazı olduğundn mütləq legioner qolkiper alınmasını istəyirdi. Amma bu, o deyil. “Qəbələ” ilə görüşdə Ruan məhz Mustapiçin çıxışda inamsız oyunundan sonra hesab fərqini azaltmışdı.
Junior Martins (2 oyun, 171 dəqiqə, 1 qol)
Junior Martins haqqında müsbət fikirlər səsləndirmək olar. Braziliyalı legioner irəlidə Şuaybu ilə yaxşı anlaşır. O, “Qəbələ” ilə matçda komandasına penalti qazandırdı və inamlı şəkildə topu götürərərək 11 metrlik nöqtəyə keçdi. 23 yaşlı vinger bu cür davam etsə, Gəncə təmsilçisinə çox xeyir verə bilər.
İdris İnqlablı (1 oyun, 90 dəqiqə, 1 sarı vərəqə)
Tərlan Əhmədov “Sabah”dan icarədən götürülən yarımmüdafiəçiyə “Qəbələ” ilə oyunda heyətdə olan problemlərə görə məcburiyyətdən şans verdi. İnqlablı həmin matçda elə də inamlı təsir bağışlamadı. Təsadüfi deyil ki, gənc futbolçu artıq “Səbail”lə qarşılaşmada ehtiyatda qaldı.
Abdulla Rzayev (2 oyun, 135 dəqiqə)
Rzayev də İnqlablı kimi “Sabah”dan icarəyə gəlib. Onun paytaxt klubunda oynaması mümkünsüz idi. Gəncədə isə Rzayev özünü yaxşı tərəfdən göstərə bilər. Hər şey 20 yaşlı müdafiəçinin özündən asılı olacaq.
Salif Sisse (1 oyun, 5 dəqiqə)
Malili hücumçu “Kəpəz”ə gələn kimi zədələndi və “Səbail”ə qarşı oynaya bilmədi. Düzü, düşünmürəm ki, Sisse cari çempionatda nə iləsə yadda qalsın. Hətta mövsümün sonunda “Kəpəz” 30 yaşlı forvardı göndərsə, təəccüblənmərəm.
“TURAN TOVUZ”
Denis Marandiçi (2 oyun, 180 dəqiqə, 2 assist)

Moldovalı futbolçu Tovuza gələn kimi əsas heyət oyunçusu oldu. Qərb klubu qış fasiləsindən sonra hər iki oyunda uduzsa da, Marandiçi pis təsir bağşlamayıb. O, “Qarabağ”la oyunda Ehtiram Şahverdiyevə, “Sumqayıt”la görüşdə isə Runi Evaya məhsuldar ötürmə verib. Marandiçi qısa vaxt ərzində “Turan”a və ümumiyyətlə, Azərbaycan Premyer Liqasına uyğunlaşa bildi.
Pusi Belajdi (2 oyun, 22 dəqiqə)
“Turan Tovuz”un digər yeni transferini elə də uğurlu adlandırmaq olmaz. Belajdinin Albaniyanın səviyyəcə II liqasından gəlməsi bu futbolçu barədə müəyyən suallar doğurudu. Mərkəz hücumçusu olan Belajdi ustalıq səviyyəsi baxımından həm Oduvadan, həm də Runi Evadan geri qalır.
AYXAN







