featured-image-30878

“Qarabağ”ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına geniş müsahibə verib. ölkəmizə gəlişini xatırlayıb. Msport.az xəbər verir ki, qolkiper ölkəmizə gəlişini xatırlayıb. O, 19 yaşında “Şahdağ”a keçənə qədər peşəkar klubda oynamadığını deyib:

“Mənim məşqçim var idi, qapıçılarla işləyən Gennadi Aftandiloviç Kaxiani. Bir dəfə zəng vurdu ki, “Şax, Azərbaycana getmək variantı var”. O dəqiqə razılaşdım. Nə komandanın səviyyəsi, nə də əməkhaqqı mənim üçün ciddi önəm kəsb etmirdi. Açıq gözlə getdim.

Komanda Azərbaycanın I dəstəsində çıxış edirdi. Möhkəmlənmək üçün yaxşı yer idi. Orda davam gətirdinsə, ondan sonra qorxulu heç nə yoxdur. Baxışa gəlmişdim və ilk hazırlıqdan sonra məşqçinin xoşuna gəldim. O, dedi ki, “biz istəyirik sən qalasan, amma maaş məsələsinə sonra baxarıq”. İki ay məşq etdim, çempionata hazırlaşdım. İki komanda yoldaşımla stadionda qalırdıq. Tribunanın altında otaq var idi, 3 çarpayı, başqa heç nə. Amma mən xoşbəxt idim. Sadəcə futbol oynamaq istəyirdim. “Şahdağ” haqqında çox danışmaq olar.

Yayda biz məşqlərimizi və oyunlarımızı eyni meydanda keçirirdik. Payız gələndə yağışlar və qar – dağlıq yerdir – stadion pis vəziyyətə düşürdü. Həmin vaxt zala keçirdik. Mini-futbol meydançasında məşq edirdik və yalnız oyunlar vaxtı stadiona çıxırdıq. Çətin amma maraqlı vaxtlar idi. Müqavilə bağlayanda dedim ki, “ailəsiz burda qalmayacam”. Orda təkbaşına dözə bilməzdim. İlk iki ayda bizim heç televizorumuz da yox idi. Klub bizə şəxsi ev tutdu. Birinci mərtəbədə həyat yoldaşım və balaca qızımla qalırdım. İkinci mərtəbədə ev sahibləri – nənə və baba.

“Şahdağ”da 15 oyun keçirdim. Görünür pis təsir bağışlamadım ki, məni Azərbaycanın gənclərdən ibarət yığma komandasının seleksiya toplanışına çağırdılar. Ondan sonra “Sumqayıt”dan təklif gəldi. O komandanın almaniyalı məşqçisi məni çox bəyəndi.

Deməzdim ki, “Sumqayıt”a gələn kimi həyatımda o dəqiqə ağ zolaq başladı. “Sumqayıt”da da çətin idi. Lakin bu kareyarmda vacib mərhələ idi, Premyer Liqada oynamağa başladım. Çox vədləri yerinə yetirmədilər, amma 19 yaşlı futbolçu üçün yaxşı məktəb idi. “Sumqayıt”da çıxış edərkən arzu edirdim ki, “Qarabağ”a düşəydim. Bir gün bu arzu gerçəkləşdi”.

Millimizin qapıçısı Azərbaycanda ilk dövrdə üzləşdiyi çətinliklər barədə məlumat verib: “Elə bir çətin şey olmadı. Həm “Şahdağ”da, həm də “Sumqayıt”da yerli uşaqlar öz doğmaları kimi qəbul etdilər. Azərbaycanlılar çox yardımsevər, mehriban insanlardır. Adaptasiya olmaq çox rahatdır. Hətta yoldaşım tək kolyaska ilə küçəyə çıxanda insanlar kömək edirdilər, nəyin harda olduğunu göstərirdilər”.

media-1685566054262193453

Məhəmmədəliyev Azərbaycan vətəndaşlığı almasını belə izah edib: “Azərbaycanla bağlılığım yoxdur. Sadəcə mənə maraqları yarandı. 2014-cü ilin dekabrında gənclərdən ibarət Azərbaycan millisinin toplanışına çağırdılar. Mart ayında bir də dəvət etdilər. Azərbaycan Futbol Federasiyasında çalışanlar Rusiya Futbol İttifaqı ilə əlaqəyə girdilər və idman vətəndaşlığımın dəyişdirilməsinə icazə aldılar. Özüm də bunda maraqlı idim. Rusiyadan gedəndə daxilən buna hazır idim. Artıq geriyə qayıtmaq istəmirdim.

Acıqlı deyildim, ancaq başa düşürdüm ki, bu sistemlə heç nə edə bilməyəcəm. İnsanlar heç sənə baxmaq istəmirlərsə, yalnız kağıza diqqət yetirirlərsə, nə etmək olar? Məni yetişdirən bütün məşqçilərə, xüsusən də “Torpedo”da Şerbaka təşəkkür edirəm”.

“Azərbaycanda belə problemlərlə üzləşmədin?” sualını qapıçı belə cavablandırıb: “”Sumqayıt”da çıxış edəndə heç kim boyuma görə nəsə demirdi. Lakin gənclər yığmasında buna artıq diqqət yetirə bilərdilər. Hər halda Almaniya, Norveç, Rusiya kimi güclü rəqiblərlərə qarşılaşırdıq. Təbii ki, “Qarabağ”da da əvvəlcə belə fikirlər oldu. Hər halda qarşısına böyük hədəflər qoyan komandadır. Lakin Rusiyadakı kimi boyumun hündür olmaması ilə bağlı ciddi problemlər yaşamadım”.

Şahruddin Rusiyanın gənclər millisi ilə oyunları xatırlayıb: “Onların məşqçisi onda Xomuxa idi. O, yeniyetmələri çempion, vitse-çempion etmişdi. Sonra bütün heyəti gənclərə cəlb etmişdi. Görünürdü ki, komanda düzgün yoldadır. Sadəcə ona bir qədər vaxt lazım idi. Lakin ona başladığını sona çatdırmağa imkan vermədilər. Orda Qolovin, Şeydayev, Mirançuk qardaşları, Mitryuşkin, Çernov kimi futbolçular var idi. Adlar baxımından çox güclü yığma idi. Bakıda 3:0 hesabı ilə qalib gəldik, Rostovda isə heç-heçə oldu – 2:2.

Rusiyada onda Ramil Şeydayev çıxış edirdi. İndiyə qədər onu “öldürürəm”, ha-ha. Deyirəm “mən səni Bakıda necə apardım, hə”. Səsini çıxarmır. Deməyə sözü olmur”.

“Qarabağ”ın çərçivə qoruyucusu “Səbail”lə oyunda meydanda huşunu itirməsini xatırlayıb: “Müdafiəçini sığortalamaq üçün irəli çıxdım. Təbii örtüklü meydanda top mənə tərəf gələrdi. Orda isə sintetika idi. Top qazona dəyib göyə qalxır. Mən başımla yuxarı tullandım. O isə ayağını qoydu və düz mənim alnıma. Huşumu itirmədim. Amma şokdan əllərim, ayaqlarım qurudu. Dəhşətli ağrı var idi. Mən meydana qayıtmaq üçün qaçırdım. Amma həkim dayandırdı: “Şah, olmaz”. Xəstəxanaya apardılar, 30 tikiş qoydular. Amma tez qayıtdım, iki həftədən sonra artıq oynaya bildim.

media-1685566022899050942

Anam adətən oyunlara baxmır, amma tərslikdən bu görüşü üzləyirmiş. Zəng elədi sakitcə dedi ki, “Necəsən?”. Dedim hər şey yaxşıdır, xəstəxanaya gedirəm. Xahiş elədi ki, nəsə olsa, xəbər elə. Əgər o, həmin anda ağlasaydı, mənə də çox çətin olardı. Lakin məni sakitləşdirdi. Halbuki özü nələr çəkirdi. Sonra xalalarım dedilər ki, telefonu kənara tullayıb, hönkürməyə başladı. Ana ürəyi başqadır. Mənim üçün zədədən və əməlliyatdan təhlükəli anamın həyəcan keçirməyi idi.

Meydana qayıdandan sonra bir oyunu normal keçirdim. Növbəti görüşdə artıq 20 -ci dəqiqədə adi vəziyyətdə əlimin üstünə yıxıldım və qolum sındı. Hələ də başa düşmrəm ki, bu necə baş verdi. Mövsümü başa vura bilmədim və çempionatı uduzduq. Amma qismət belədir, deməli belə olmalı imiş.

Bundan sonra da ehtiyatlı olmadım. İlk vaxtlar məşqçi qışqırırdı ki, “Şah girmə”. Amma xarakterdə varsa, bunu dəyişmək mümkün deyil”.

Ağdam klubunun üzvü avantürst oyuna görə tənqid edilməsinə münasibət bildirib. Xatırladq ki, “Vitroriya Plzen”lə görüşdən sonra qapıçı ciddi tənqidlərə məruz qalmışdı: “Əgər belə oynamağı dayandırsam, yəqin ki, mən mən olmaram. Həmişə belə olmuşam. Bu mənim stilimdir. Lakin bəzi anlarda onu korrektə etmək lazımdır. Düşünürəm ki, illər keçdickə daha təcrübəli, müdrik olacam. “Viktoriya” ilə oyundakı səhv məni daha güclü, daha ağıllı etdi. Əlbəttə tənqidləri qəbul etmək elə də xoş deyil. Ancaq nə etmək olar. Səhv edəndə, bu normaldır”.

Məhəmmədəliyev “Qarabağ”dakı ən gərgin oyunlarını xatırlayıb: “2020-də “Mölde” ilə matçda avrokuboklarda yeni oynamağa başlayırdım. Çox vacib görüş idi. Təəssüf ki, uduzduq. Amma xatirimdə daha çox “Viktoriya” qalıb. “Nant”la oyun da çox dramatik keçdi. Avropa Liqasında qrupdan çıxmaq üçün bizi Fransada heç-heçə qane edirdi. Lakin 90+3-cü dəqiqədə qapımızdan top buraxdıq. Sonra evdə “Frayburq”a məğlub olduq və qrupdan çıxa bilmədik. Bunlar hamısı neqativ emosiyalardır. Ən xoş xatirələr isə 2020-də “Legiya” ilə oyundan qalıb. Bütün ölkə üçün çox vacib an idi. Biz səfərdə Polşanın ən güclü komandalarından birini 3:0 hesabı ilə məğlub etdik. Ordakı emosiyaları başqa heç yerdə keçirməmişəm.

“Mölde” ilə oyunda penaltilər seriyasında məşqçi dedi ki, “Şah, 5-ci zərbəni sən vuracan”. Ok. Mən özümə əmin idim, görünür o da mənə əmin idi. Axı əlavə vaxtda penaltini dəf etmişdim. Vurmağına vurdum, amma əsas işi görə bilmədim. Bir penaltini də qaytara bilmədim”.

“Qarabağ”da 7 qızıl medalım var. Son Azərbaycan çempionatında 2 tur qalmış 1-ci yeri təmin etdik. Yox, sakit qeyd etdik. Hər il bu məqsəd üçün çalışırıq. Yerinə yetiririk və növbəti addım – Çempionlar Liqası. Çox istəyirik ki, qrupa düşək. “Qarabağ” son 10 ildə Azərbaycan futbolunun sifətidir”.

Millimizin futbolçusu Rusiya və Azərbaycandakı əməkhaqqlarını müqayisə edib: “Heç müqayisə ediləsi rəqəmlər deyil. Böyük fərq var. Hətta Rusiya Premyer Liqasının “Fakel” kimi sonda gedən komandalarını götürsək, belə. Mən büdcəsi o qədər də böyük olmayan “Sumqayıt”, “Səbail”lə yox, “Qarabağ”la müqayisə edirəm. Fikirləşirəm ki, büdcəsinə görə “Qarabağ” Rusiyada Top-10-a düşməzdi. Bəli, Rusiyada maaşlar çox yüksəkdir. Azərbaycan futbolunda pul xeyli azdır. Bilirəm orda uşaqlar hansı pulları alır, ona görə deyirəm. Hətta birinci dəstədə “Rubin”, “Arsenal” kimi yaxşı büdcələri olan komandalar var.

Buna görə heç bir təəssüf keçirmirəm. Hər kəs özünə görə qazanır. Hamı bu zəhməti başa düşməz. Lakin onlar aldıqları pulu haqq edirlər. Əgər adam futbolda 40 min rubl qazanırsa, demək buna layiqdir. Mən yalnız sevinirəm ki. insan yaxşı pul alır və normal yaşaya bilir. Öz ailəsinə, valdeyinlərinə, insanlara kömək edir”.

“Özünüzü komfortda hiss etmək üçün nə qədər pul lazımdır” sualına Şahruddinin cavabı: “Hər şey nisbidir. Məsələn, “Şahdağ”da mənə otaq tutmuşdular və həftədə bir dəfə ərzaq gətirirdilər. Mənim maaşım 450 manat idi – təxminən 20 min rubl. Bu pul üçümüzə – mənə, yoldaşıma və uşağa bəs edirdi. İnsan çox qazandıqca, onun tələbləri də artır. Hər kəs öz imkanlarına görə yaşayır.

Azərbaycanda qiymətlər ucuz deyil. Bakı qiymət baxımından da yetəricə ciddi şəhərdir. Yoldaşım deyir ki, Moskva və Bakıda ərzağın qiyməti demək olar ki, fərqlənmir.

AYXAN

 

 

 

 

 

 

Bənzər xəbərlər