“Quqeşaşvili “Qarabağ”a Ramazanovdan daha çox fayda verə bilər”
“Qarabağ”ın ötənilki oyunu ilə builki arasında fərq var. Kadi Borges və Kvabena Ovusunun gedişindən sonra komandanın oyununda dəyişiklik nəzərə çarpır”.
Bunu Msport.az-a açıqlamasında “Zirə”nin qapıçılar üzrə məşqçisi Fərhad Vəliyev “Qarabağ”ın Bakıda Belçika “Gent”inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
Mütəxəssis bildirib ki, görüş Ağdam klubu üçün asan olmayacaq: “Musa Qurbanlı ölkə çempionatında qolları sıralasa, hazırda bombardir olsa da, Kadi və Ovusu ön xətdə çox yaxşı təsir bağışlayırdı. Mövsümün ilk yarısında komanda ardıcıl hücumlar qururdu. Bu da həmin oyunçuların səviyyəsindən irəli gəlirdi. Kollektivə tam uyğunlaşmışdılar. Düşünürəm ki, “Gent”lə oyunda “Qarabağ”a asan olmayacaq. Düzdür, qışda yeni transferlər oldu. Lakin adaptasiya üçün vaxt lazımdır”.
“Qarabağ”ın sabiq qapıçısının fikrincə, Şahruddin Məhəmmədəliyevin zədələnməsi komanda üçün növbəti zərbə oldu: “Çempionat oyunlarında gənc qapıçı Amin Ramazanova şans verirlər. Oynayıb təcrübə qazanmasını istəyirlər. Amma nə Luka Quqeşaşvili, nə də Ramazanov Şahruddinin yerini verir. Səhvləri olsa da, onun yoxluğu özünü göstərir”.
Onun fikrincə, Qurban Qurbanov “Gent”ə qarşı matçda Quqeşaşviliyə şans verəcək: “Çünki Aminin təcrübəsizliyi özünü göstərir. Mövqe seçimi, çıxışlar və qərarlardan hələ tam “bişmədiyi” bilinir. Gürcü qolkiperin isə təcrübəsi çoxdur, bu cür oyunlarda iştirak edib. Yox, əgər qapıda Amin dayansa, təki onun üçün hər şey yaxşı olsun, amma düşünürəm ki, həyəcanlana, səhvlərə yol verə bilər. Lakin dediyim kimi, bu matçda Quqeşaşvili “Qarabağ”a Ramazanovdan daha çox fayda verə bilər”.
Vəliyev “Qarabağ”ın qış fasiləsində yeni qolkiper transfer etməməsinə də toxunub: “Eşitdiyimə görə, bir neçə qapıçı ilə maraqlanıblar. Bilirsiniz, Azərbaycana yaxşı qapıçı gətirmək çətindir. “Zirə”də də bunun şahidi olmuşam. Məsələn, danışıqlar aparırlar, son anda futbolçular gəlmirlər. Həm maddi, həm də çempionatın səviyyəsi baxımından bunu etmək asan deyil. Həm Qurban Qurbanov, həm də Elxan Həsənov bir neçə qapıçıya baxıb. Yəqin ki, necə gəldi götürmək istəməyiblər. Bir neçəsi ilə danışıqlar gedib, sadəcə alınmayıb. Bəlkə həkimlərdən də Şahruddinlə bağlı müsbət xəbər alıblar ki, sıraya daha tez qayıda bilər”.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.
CAHİD







