featured-image-15386

Azərbaycan Premyer Liqasının 11-ci turunda “Qarabağ” “Turan Tovuz” üzərində 3:0 hesabı ilə qələbə qazandı. Ağdam klubu cari mövsümdə keçirdiyi 10 oyunun hamısını qalibiyyətlə başa vurub. Hərdən belə təəsürat yaranır ki, Qurban Qurbanovun yetirmələri özləri özlərinə badalaq qurmasalar, heç kim onların qarşısını kəsə bilməyəcək. “Qarabağ” gərək rəqibi ciddiyə almaya, oyuna o qədər arxayın, rahat çıxa ki, bəlkə onda xal itirə. Azərbaycan çempionu əsas heyətlə oynamadığı matçlarda da rəqiblərindən bir baş üstün təsir bağışlayır.

“Turan Tovuz”la qarşılaşmada Ramil Şeydayev şempionatda 10-cu qolunu vurdu. Bombardirlər yarışında onun ən yaxşın izləyicisi komanda yoldaşı Musa Qurbanlıdır. Gənc hücumçunun hesabında 8 top var. Onlardan sonra gələn “Sabah”lı Con Lens Mikels isə cəmi 6 dəfə fərqlənib.

Sevindirici haldır ki,  2 il sonra yenidən bombardirlər yarışına iki azərbaycanlı futbolçu başçılıq edir. 2020-2021-ci illər mövsümündə mübarizə millimizin iki futbolçusu  – Mahir Emreli və Namik Ələskərov arasında getdi.

Şeydayevin əla formada olması, həm avroliqa, həm də çempionat oyunlarında özünü yaxşı tərəfdən göstərməsi, bizi sevindirməyə bilməz. Yadımdadır ki, “Zenit”in yetirməsi 2017-2018-ci illər mövsümündə “Qarabağ”a icarəyə gələndə heç cür oyunu alınmadı. Həmin vaxt 15 oyunda cəmi 1 qol vura bildi. O da yadımdadır ki, Şeydayev Ağdam klubunda istənilən oyunu göstərə bilmədikcə, Qurban Qurbanov və “Qarabağ” tənqid olunurdu. Həmin vaxt “Qurbanov Şeydayevi bədbəxt elədi”, “hücumçu “Qarabağ”da itib-batdı”, “gərək bu komandaya keçməzdi” kimi fikirləri hər yerdə oxumaq, eşitmək olurdu. Lakin onda da Şeydayevə şans verilirdi, sadəcə nədənsə, oyunu alınmırdı, rəqabətdə mövqeyində olan futbolçulara uduzurdu.

Bu dəfə isə 26 yaşlı forvard məhz Qurbanovun əlinin altında “bişdi”, bir hücumçu kimi məhz “Qarabağ”da püxtələşdi. O, həm yarımmüdafiənin cinahında, həm də mərkəz hücumçusu mövqeyində eyni cür uğurla çıxış edir. Şeydayevin “Olimpiakos”a səfərdə vurduğu möhtəşəm qoldan sonra Qurbanovun sevincini görməyə dəyərdi. Ümumiyyətlə, Ağdam klubunun baş məşqçisi nadir hallarda qollara bu cür reaksiya verir. Oyundan sonra verdiyi açıqlamada da məhz Şeydayevə görə belə sevindiyini demişdi.

Bir sözlə, Qurbanov Ramili yenidən bir hücumçu kimi Azərbaycan futboluna qazandırdı. Şeydayevin Almaniya, Xorvatiya, Belarusa vurduğu qolları yaxşı xatırlayırıq. Onun formada olması De Byazini də sevindirməyə bilməz. Qarşıda yoldaşlıq oyunları, martda isə Avropa çempionatının seçmə mərhələsi var.

ELNUR MƏMMƏDLİ 

 

Bənzər xəbərlər