featured-image-82712

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qış transfer pəncərəsində yeni mərkəz müdafiəçisi əldə etmək istəyir.

Msport.az xəbər verir ki, namizədlərdən biri “Mançester Siti”nin futbolçusu Yoşko Qvardioldur.

Onun namizədliyini kataloniyalıların idman direktoru Dekuya “Barselona”nın keçmiş çalışdırıcısı Pep Qvardiola tövsiyə edib. Flik solayaqlı mərkəz müdafiəçisi ilə maraqlanır və Qvardiol alman mütəxəssisin tələblərinə cavab verir. “Barselona”da hesab edirlər ki, xorvatiyalı futbolçu Pau Kubarsi ilə güclü cütlük təşkil edə bilər.

Qeyd olunur ki, iki futbolçunun keyfiyyətləri bir-birini yaxşı tamamlaya bilər. Kubarsi oyunu oxuması, qabaqlayıcı hərəkətləri və hücumları başlamaq bacarığı ilə seçilir, Qvardiol isə müdafiəyə sürət, güc və fiziki qüvvə əlavə etməyə qadirdir.

24 yaşlı xorvatiyalının arxasında böyük boş sahə ilə oynamaq təcrübəsi də onun əsas üstünlüklərindən biri hesab olunur. Bu xüsusiyyət yüksək müdafiə xəttindən istifadə edən “Barselona” üçün xüsusilə vacibdir.

Transferə əsas maneə futbolçunun qiyməti ola bilər. “Transfermarkt” Qvardiolu 70 milyon avro qiymətləndirir, eyni zamanda potensial sövdələşmənin məbləği daha yüksək ola bilər. Müdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. Bu isə İngiltərə klubuna mümkün danışıqlarda güclü mövqe qazandırır.

Bənzər xəbərlər