Rafael Ağayevin rəqibi medalını satdı - Xeyriyyə məqsədi ilə
Ukraynalı karateçi Stanislav Haruna Tokio-2020 Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalı satıb.
Msport.az xəbər verir ki, 33 yaşlı idmançı bu addımı xeyriyyə məqsədilə atıb.
Medalın başlanğıc qiyməti 10 000 ABŞ dolları olub. Lakin hərrac vaxtı qiymət iki dəfədən çox artıb və nəticədə 20 500 avro toplanılıb.
İdmançı yığılan vəsaiti ukraynalı döyüşçülərin ehtiyaclarına sərf edəcək.
Qeyd edək ki, Stanislav Haruna Minsk-2019 II Avropa Oyunlarının finalında Azərbaycan təmsilçisi Rafael Ağayevə qalib gələrək, qızıl medal qazanıb. Tokio olimpiadasında isə onlar üz-üzə gəlməyiblər. Ağayev finalda italiyalı Luici Busaya uduzaraq, gümüş, Haruna isə yarımfinalda eyni karateçiyə yenilərək, bürünc medal əldə edib.