Rahid Əmirquliyev: “Ehtiyatda qalmaq məni narahat edir”
“Səbail”in kapitanı Rahid Əmirquliyevin Msport.az saytına müsahibəsi
– “Səbail” bu mövsüm zəif çıxış edir. Birinci, elə bundan başlayaq. Kapitan kimi səbəbi nədə görürsünüz?
– Düzdür, bu mövsüm nəticələr istədiyimiz kimi deyil. Çempionatdan öndə daha yaxşı nəticələrə ümid edirdik. Səbəbi dəqiq deyə bilmərəm. Amma ola bilər ki, yeni komandayıq, legionerlər çempionata və ölkəmizə tam uyğunlaşa bilməyiblər. Bu, bəzi oyunlarda bizə təsir edib. Çünki yaxşı oynadığımız matçlarda xal qazana bilməmişik. Səbəblərdən biri bu ola bilər. Bu, mənim şəxsi fikrimdir.
– Ötən mövsüm heyət indikindən zəif idi, amma komanda daha baxımlı futbol oynayırdı…
– Keçən il bizdə heyət geniş deyildi, oyunçu, xüsusilə legioner sayı az idi. Düzdür, ötən mövsüm də nəticələr o qədər yaxşı deyildi. Oyuna gəlincə, bu barədə nəsə demək düzgün deyil. Hər məşqçinin öz oyun üslubu və taktikası var. Ona görə bu barədə nəsə deyə bilmərəm. Sadəcə, onu deyim ki, nəticələr ötən il də yaxşı deyildi, bu il də.
– Legionerlərin səviyyəsinin aşağı olduğu deyilir və uğursuzluğun bir səbəbi kimi də bu göstərilir. Bu fikirlərlə razısınız?
– Mən də ordan-burdan eşidirəm ki, legionerlərimiz zəifdir, istənilkən səviyyədə çıxış etmirlər. Bu haqda da nəsə demək düz olmaz. Onlar mənim komanda yoldaşlarımdır. Amma bayaq qeyd etdiyim ki, bəlkə də bəziləri bizim çepionata tam uyğunlaşmayıblar. Amma onu bilirəm ki, legioner Azərbaycanda hansısa komandaya gəlirsə, yerlilərdən daha üstün və faydalı olmalıdır.
– Nəticələrdə Mahmud Qurbanov amili nə dərəcədə rol oynayır. Əslində Mahmud müəllim I Divizionda özünü sübut etmiş mütəxəssisdir. Sizcə, Premyer Liqada işi niyə alınmır?
– Nəticələrimiz yaxşı olmasa, bu, o demək deyil ki, günahkar tək baş məşqçidir. Zəif çıxış ediriksə, bütün komandanın günahı var. Kimisə seçib məsuliyyəti onun üstünə atmaq düzgün deyil. Lakin bütün dünyada belədir ki, komandanın nəticələri yaxşı olmayanda baş məşqçidən soruşur, ondan tələb edirlər.
– Bu mövsüm çox az oynayırsınınz. Səbəbi nədir?
– Səbəbi məndən çox soruşublar. Yenə eyni söz deyirəm: bu, baş məşqçinin seçimidir. Belə qərar verir ki, mən ehtiyatda qalıram. Harada olmuşamsa, baş məşqçinin qərarına hörmətlə yanaşmışam. Nə vaxt şans verilir, komandaya kömək etməyə çalışıram.
– Yəqin, razılaşarsınız ki, hazırda sizin ehtiyatda qalan vaxtınınız deyil. Təcrübənizlə komandaya xeyir verə bilərsiniz…
– Mən də oynamaq, komandaya fayda vermək istəyirəm. Heç bir futbolçu ehtiyatda qalmaq istəməz. Komandada 26 futbolçu var. Hamıya eyni anda şans vermək mümkün deyil. Söhbət fırlanıb yenə baş məşqçinin üstünə gəlir. Bu, onun qərarıdır.
– Az oynamaq sizi narahat edir?
– Əlbəttə, edir. Düşünürəm ki, hələ də komandaya xeyir verə bilərəm. Ona görə də narahatlıq var. Məşqlərdən əlimdən gələni edirəm ki, şanx veriləcəyi halda hazır olum.
– Qarşıda sizi MOİK-lə Azərbaycan Kubounun 1/8 final oyunu gözləyir…
– I Divizion təmsilçisi olsa da, bizi çətin oyun gözləyir. Boşalmaq olmaz. Matça ciddi, rəqibə hörmətlə yanaşmalıyıq. Səfərdə çətin qarşılaşma olacaq. Mərhələni keçmək istəyirik. Ona görə də yaxşı hazırlaşırıq. İnanırıq ki, növbəti raunda adlayan tərəf biz olacağıq. Gücümüz var.
– Milli komandanın çıxışı barədə də fikirləriniz maraqlı olar. 4 gün öncə səfərəd Moldovanı məğlub etdilər…
– Yığmanın qələbə qazanması bütün Azərbaycan üçün sevindirici haldır. Komandanı təbrik edirəm. Müəyyən səbəblərdən matçı izləyə bilmədim. Amma qələbəyə görə sevindim. Hamımız millinin uğuruna sevinir. Amma nəzərə alaq ki, Moldova hazırda bizimlə rəqabət apara biləcək səviyyədə deyil.
– Milli komanda ardıcıl 4 oyundur uduzmur. Artıq yığmada sabitlik yarandığını demək olar?
– Qələbə seriyasının olması sevindiricidir. Lakin bu, göstərici deyil. Çünki Millətlər Liqasında son 3 oyun əhəmiyyət daşımırdı. Formal xarakter daşıyırdı. Çünki qrupda bütün suallara aydınqlı gəlmişdi. Moldova ilə görüş isə yoldaşlıq oyunu idi. Amma yenə də sevinirik ki, komandamız qələbələri sınayır.
– Növbəti rəqib Şimali Makedoniya olacaq. Bu oyundan nə gözləyirsiniz? Düşünmək olarmı ki, millinin əsl gücü bu matçda bəlli olacaq?
– Əlbəttə, Şimali Makedoniya Moldova deyil, onlardan güclüdür. Yığmamıza çətin olacaq. Amma digər tərəfdən düşünmürəm ki, bu qarşılaşmada millimizin əsl gücünü görəcəyik. Çünki yoldaşlıq matçları tam fərqli olur. Yığmanın nə dərəcədə inkişaf etdiyi rəsmi qarşılaşmalarda üzə çıxacaq.