featured-image-31270

“Ramilin yerində olsaydım, “Qarabağ”ı Tailand klubuna dəyişməzdim” – Nepal çempionu

Azərbaycan millisinin və “Bakı”nın sabiq futbolçusu, hazırda isə Litvanın “Yonava” klubunda çıxış edən Nurlan Novruzovun Msport.az saytına müsahibəsi

 Litvada işləriniz necə gedir? Ölkəyə uyğunlaşa bilmisiz?
– İlk dəfədir Litvadayam. Hər şey qaydasındadır. Avropa mentalitetini yaxşı bildiyim üçün uyğunlaşma problemi yaşamıram.

Bəs futbol baxımından vəziyyət necədir? Əsas heyət üzvüsüz, yoxsa daha çox ehtiyatda qalırsız?
– Futbol burda sevilən idman növüdür. Şəhərdə insanlar, demək olar ki, sevimli komandalarının bütün futbolçularını tanıyır və sevirlər. Şükürlər olsun, əsas heyət üzvüyəm və yaxşı formadayam.

– Komandanız hazırda sonuncu pillədə qərarlaşıb. Problem nə ilə bağlıdı?
– Mən bura VII turdan öncə gəldim. Viza probleminə görə işim uzanmışdı. Mən gələndə komanda xalsız idi və son pillədə gedirdi. Əsas hədəfimiz liqada qalmaqdır. Yeni mövsümdən isə çempionluğa oynayan mübariz kollektiv qurulacaq. Hazırda 7 xalımız var, amma bir qələbə bizi son pillədən uzaqlaşdıracaq. Böyük problem yoxdur. Xırda çətinliklərdir ki, onları da aradan qaldıracağıq.

– Bu komandada öz gələcəyinizi necə görürsünüz?
– Dediyim kimi, yeni mövsümdə daha güclü komanda formalaşdırılacaq. Hədəfim “Yonava” ilə Superliqada oynamaqdır.

– Asiyada oynamısınız, hətta “Maçhindra” ilə Nepal çempionu olmusunuz. Bildiyiniz kimi, Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubuna keçdi. Asiya ölkələrinin çempionatlarına bələd olan biri kimi Ramilin transferini necə qiymətləndirirsiniz?
– Mən də bunu mediadan oxudum. İlk növbədə bir futbolcu kimi həmkarıma uğurlar arzulayıram. Asiyada yaxşı pul verirlər, amma səviyyə fərqi var. Ramilin qərarına hörmətlə yanaşıram. Lakin real danışsaq, Ramil “Qarabağ”dan Asiyaya uğur qazanmaq üçün getməyib. Çünki hər il avrokubokların qrupunda oynayan bir klubdan danışırıq. Buna baxmayaraq, Ramilin orada da yaxşı mənada fərqlənəcəyinə inanıram.

Yəni deyirsiniz ki, “Qarabağ”ı “Buriram Yunayted”ə dəyişməklə doğru seçim etmədi?
– “Qarabağ”da qazandığı uğurları nəzərə alsaq, düzgün hesab etmirəm. Amma maddi tərəfdən, düşünürəm ki, uğurlu addımdır. Məni səhv anlamayın, Tailanda başqa klubumuzdan getsəydi, bu qədər danışmazdım. Amma söhbət “Qarabağ”dan gedirsə, təbii ki, çox düşünmək lazım idi.

– Şeydayevin yerində siz olsaydız, hansı addımı atardız?
– Əlbəttə ki, karyeramı “Qarabağ”da bitirərdim. Məncə, hər bir azərbaycanlı futbolçu bunu edərdi. “Qarabağ” hazırda Avropada öz futbolu ilə adından söz etdirən yeganə Azərbaycan klubudur. Mən əslində uşaqlıqdan “Neftçi” fanatıyam. Kaş, bu komanda əvvəlki illərinə qayıdaydı və intirqa davam edəydi.

Ümumiyyətlə, Tailand futbolu necədir və Ramilin adaptasiyası üçün nə qədər vaxt lazım olacaq?
– Tailand Super Liqasının səviyyəsi aşağı deyil. Amma Asiyada avropadalı futbolçulara yanaşma tam fərqlidir. Orada siz 5-6 oyun qol vurmasaz, rəhbərlikdən tutmuş futbolçulara kimi soyuq münasibət görəcəksiniz. Uyğunlaşma üçün ona vaxt lazım olacaq.

CAHİD

Bənzər xəbərlər