“Real” transfer rekordunu qıra bilər
“Bavariya”nın fransalı vingeri Maykl Olise üçün 300 milyon avro tələb etdiyi iddia olunur.
Msport.az xəbər verir ki, 24 yaşlı futbolçuya ən ciddi maraq göstərən klublardan biri “Real”dır.
Madrid təmsilçisi Oliseni heyətinə qatmaq istəyir, lakin “Bavariya”nın müəyyənləşdirdiyi qiymət transferi olduqca çətinləşdirir. Almaniya klubu Oliseni 2024-cü ildə “Kristal Pelas”dan təxminən 53 milyon avroya transfer edib. Onun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir və “Bavariya” futbolçunun komandada qalmasını istəyir.
Qeyd edək ki, 300 milyon avroluq məbləğ rəsmi sərbəstqalma maddəsi deyil. Bu, “Bavariya”nın futbolçuya verdiyi qiymət kimi təqdim olunur. Əgər bu məbləğə transfer baş tutsa, 2017-ci ildə Neymarın “Barselona”dan PSJ-yə 222 milyon avroya keçidi ilə müəyyənləşən dünya rekordunu 78 milyon avro üstələyəcək.







