featured-image-24048

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Qarabağ”la oyunda (1:1) İsmayıl Zülfüqarlını 75-ci dəqiqədə meydana buraxsa da, 90+1-də onu əvəzlədi. Rumıniyalı mütəxəssis mətbuat konfransında gənc futbolçuya qarşı heç bir iradının olmadığını deyib. O, bu addımını vaxt udub müdafiəni qurmaqla əlaqələndirib:

“Həmin period ağır idi. Saniyələr qazanmalıydıq. Bəzən belə əvəzetmələr olur. İsmayıla qarşı heç bir iradım yoxdur. Ya da digər oyunçuya. Sadəcə olaraq, orada vaxt udaraq oyunçularıma şərait yaratdım ki, müdafiəni qurub meydanda rahatlansınlar. Əgər məni baş məşqçi kimi anlamaq istəsəz, taktiki dəyişiklikdir”.

Hakim 2-ci hissənin əsas vaxtına 6 dəqiqə əlavə etmişdi, deməli, Sezar Meza Kolli Zülfüqarlının əvəzinə oyuna girərkən final fitinə cəmi 5 dəqiqə qalırdı. Bu 5 dəqiqə ərzində Meza Kolli heç nə ilə yadda qalmadı. Bir sözlə, Regekampfın bu qərarını ayıq başla anlamaq çox çətindir.

“Neftçi”nin baş məşqçisi “gənc oyunçuya psixoloji təzyiq etməkdən qorxmursuz ki” sualını belə cavablandırıb:

“Oyunçunu itirmərəm, onlarla mütəmadi olaraq danışıram. Fikir versəz, İsmayıl hər dəfə sonradan da olsa, oyuna daxil olur. Evdəki matçımızda İsmayılın oyunundan narazı qalmışdım. Çalışdım onu həvəsləndirim və nəyi düzgün etməli olduğunu öyrədim. Bu gün də ona yenidən şans verdim. Sadəcə olaraq bu dəyişiklik komandanı hazırlamaq üçün idi. O da məni başa düşəcək”.

Regekampf İsmayıl məni başa düşəcək desə də, 21 yaşlı futbolçu əvəzlənərkən nə vəziyyətə düşmüşdü, bunu görmək lazım idi. Bir futbolçu üşün meydana sonradan daxil olub əvəzlənməkdən pis şey yoxdur. Xüsusən də həmin oyunçunun 21 yaşı varsa. Yəni Regekampf anlamır ki,  psixioloji baxımdan öz futbolçusunu “sındırır”?  Axı final fitiə 5 dəqiqə qalmış bu dəyişikliyə nə ehtiyac vardı?

Yeri gəlmişkən, rumıniyalı mütəxəssis ilk dəfə deyil ki, Zülfüqarlıya qarşı belə davranır. 8-ci turda “Qarabağ”ın Suraxanıda “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldiyi matçda da o, İsmayılı 64-cü dəqiqədə meydana buraxıb, 86-da çıxarmışdı. Deyəsən, Regekampf ekspertmentləri gənc futbolçuların üzərində aparır. Ayrı vaxt da “Neftçi” rəhbərliyi bar-bar bağırır ki, “bu gənclər komandamızın gələcəyidir”. Gələcəyi indidən belə “sındırırlarsa”, irəliyə hansı ümidlə baxmaq olar? Zülfüqarlı “Neftçi”nin U-11 komandasından bura kimi yüksəlib gəlib.

Azərbaycan kubokunun  1\4 final mərhələsinin “Neftçi”- “Zirə” cavab oyununda (3:1) isə Rege Ağadadaş Salyanskini 79-cu dəqiqədə meydana buraxıb, 102-də əvəzləmişdi.

Kim də bilməsə, “Styaua”, Almaniya Bundesliqası klublarında forma geyinmiş Regekampf yaxşı başa düşməlidir ki, gənc futbolçuya matçın gedişində şans verib sonra onu əvəzləmək nə deməkdir?

AYXAN 

 

Bənzər xəbərlər