Regekampf Rumıniya yığması ilə adının hallanması haqda: "Hazırkı məqam getməyimə imkan vermir"
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə klubun rəsmi televiziyasına açıqlama verib.
Msport.az xəbər verir ki, rumıniyalı mütəxəssis görüşə hazır olduqlarını deyib:
“Xüsusi hazırlıq keçməyi lazım bilmirəm. Motivasiya oyunun daxilindədir. Çox vacib görüş olacaq”.
47 yaşlı məşqçi çempionatdakı fasilə müddətində bütün futbolçularla birlikdə məşq edə bilmədiklərini xatırladıb: “Vato Arveladze hələlik tam hazır deyil. Gürcüstan millisinin düşərgəsində olan Solomon Kvirkveliya indi Bakıya çatıb. Eddi İsrafilov və Emin Mahmudov isə bu gün hazırlıq prosesinə qoşulub. Fasilə müddətində bəzi çatışmazlıqları aradan qaldırmağa çalışdıq”.
Regekampf yığmalardan qayıdan oyunçularla bağlı problem yaşamayacağını söyləyib: “Bu cür hallar bütün komandalarda olur. Amma fasilədən sonra ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır. Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər”.
Mütəxəssis son olaraq adının Rumıniya millisi ilə hallanmasına münasibət bildirib: “Hazırkı məqam getməyimə imkan vermir. “Neftçi” ilə müqaviləm var. Burada özümü xoşbəxt hiss edirəm. Rumıniya yığmasının çox yaxşı baş məşqçisi var. Bu posta digər namizədlər də güclü mütəxəssislərdir”.
Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:00-da başlayacaq.