Regekampfın yalançı propoqandası
Laurentsiu Regekampfın başının üzərini qara buludlar alan kimi Rumıniya mətbuatında onunla bağlı xəbərlər çıxmağa başlayır. Bu gün də “Playsport.ro” yazıb ki, guya “Neftçi”nin baş məşqçisinə Səudiyyə Ərəbistanın iki, Qətərin isə bir klubundan təklif var.
Ümumiyyətlə, mövsüm ərzində bu tip xəbərlər səngimək bilmədi. Rumıniya mediası Regeni gah Ərəb ölkələrinə göndərirdi, gah da vətəninə. Özü də bilirsiz, nə vaxt? Məşqçinin işi bir az cəncələ düşən kimi. Tutaq ki, “ağ-qaralar” uduzurlar və ya gözlənilmədən xal itirirlər, hop, o dəqidə bir xəbər hazırdı.
İndi də Regenin paytaxt klubundan yola salınmasına dair danışıqlar gedir. “Neftçi” mövsümü titulsuz başa vurdu, lider “Qarabağ”dan 22, 2-ci yerin sahibi “Sabah”dan isə 13 xal geri qaldı. Deyilənə görə, 47 yaşlı mütəxəssis müqaviləsi olduğu üçün “Neftçi”dən kompensasiya tələb edir.
Belə məqamda isə Rumniya mətbuatı guya ondan ötrü Səudiyyə Ərəbistanı və Qətər klublarının sino getdiyini yazır.
Əslində bu, məşqçilər tərəfindən illərdir tətbiq olunan variantdır. Roman Qriqorçuk o vaxt “Qəbələ”də işləyəndə işi çətinə düşən kimi Ukrayna mətbuatı onu ya Kiyev “Dinamo”suna göndərirdi, ya da milli komandaya. Axırda isə Qriqorçuk büdcəsi o qədər də geniş olmayan “Çernomorets”də işləməli oldu.
Sözümün canı odur ki, əcnəbi məşqçilərin təbii ki, öz ölkələrində olan mətbuat nümayəndələri ilə yaxşı münasibətləri var. Belə vəziyyətlərdə “gör, neynirsən bir dəstək ver” işarəsi həmkarlarımıza bəs edir ki. bu cür xəbər düzü-qoşsunlar.
Əslində Rege Səudiyyə Ərəbistanı və ya fərq etməz N saylı istənilən ölkəyə getsə, “Neftçi” azarkeşləri papaqlarını göyə atarlar, zatən onların istədikləri də budur.
AYXAN







